Bu həftə Azərbaycanın futbol üzrə 1-ci Liqada 3-cü dövrə start götürəcək. Lider "Şəfa" 19-cu tur çərçivəsində "Şahdağ Qusar"ı qəbul edəcək. Bakı təmsilçisinin baş məşqçisi Elgiz Kərəmli ilə əlaqə saxlayıb prinsipial rəqib sayılan Qusar komandası ilə budəfəki oyundan nə gözlədiyini soruşduq.
34 yaşlı mütəxəssisin Fanat.Az-a açıqlaması belə oldu:
"Artıq 3-cü dövrənin oyunları başlayır, hər oyunun daha da ağır keçəcəyini düşünürəm. "Şahdağ Qusar"la görüşün də gərgin alınacağını gözləyirəm. Komandamız istənilən oyuna nəzarət etməyi bacarır, liqadakı matçlar bizim üstünlüyümüz şəraitində keçir. Reallıq budur ki, rəqiblər bizə qarşı sıx müdafiə olunduqları üçün hücumlar zamanı çətinliklə üzləşirik. Buna baxmayaraq, hər oyunda orta hesabla 2-3 qol vurmağı bacarırıq. Uzun müddətdir zədəli olan Urfan İsmayılov da artıq kollektiv məşqlərə başlayıb. Onun komandaya qoşulması keyfiyyətimizi bir qədər də artıracaq. Bu görüşdə qələbə qazanaraq həm rəqiblərlə xal fərqini artırmaq, həm də milli fasiləyə psixoloji planda daha rahat yollanmaq istəyirik".
Xatırladaq ki, "Şəfa" 42 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıbsa, 25 xala malik "Şahdağ Qusar" 5-ci yerdədir.
Toğrul