RU

Zəngəzur dəhlizi Orta Dəhlizin strateji əhəmiyyətini daha da artıracaq Ekspert

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 16 mart, AZƏRTAC

Son illərdə Azərbaycanın Trans-Xəzər Şərq-Qərb Orta Dəhlizində rolu əhəmiyyətli dərəcədə güclənib və bu marşrut Avropa ilə Asiya arasında alternativ ticarət yolu kimi strateji əhəmiyyət qazanıb.

Bu barədə AZƏRTAC-a açıqlamasında Türkiyənin Dokuz Eylül Universitetinin Biznes fakültəsinin Beynəlxalq ticarət və biznes kafedrasının müəllimi, professor Ülviyyə Sanılı Aydın bildirib.

Ülviyyə Sanılı Aydın deyib ki, Çindən Orta Asiya, Xəzər dənizi, Cənubi Qafqaz və Türkiyə üzərindən Avropaya uzanan Orta Dəhliz qlobal təchizat zəncirlərinin şaxələndirilməsi baxımından mühüm alternativ marşrut kimi ön plana çıxır. Bu kontekstdə Zəngəzur dəhlizinin tətbiqi həm regional nəqliyyatın diversifikasiyasına, həm də Avropa-Asiya ticarətinin sürətləndirilməsinə ciddi töhfə verə bilər.

Professor qeyd edib ki, layihənin əsas üstünlüklərindən biri Azərbaycanın materik hissəsi ilə Naxçıvan arasında birbaşa quru əlaqəsinin yaradılması və Türkiyə ilə fasiləsiz logistika xəttinin formalaşdırılmasıdır. Bu marşrut mövcud Bakı-Tbilisi-Qars xəttinə əlavə alternativ yaradaraq nəqliyyat risklərinin bölüşdürülməsinə və təchizat zəncirlərinin daha dayanıqlı olmasına imkan verə bilər.

“Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra Avropada alternativ tranzit marşrutlarına maraq artıb. Bu baxımdan Zəngəzur xətti Orta Dəhliz daxilində ən qısa və birbaşa əlaqələrdən biri kimi mühüm strateji rol oynaya bilər”, - deyə Ü.Sanılı Aydın vurğulayıb.

Ekspertin fikrincə, layihə Avropa ilə Asiya arasında ticarət müddətinin qısaldılması baxımından da əhəmiyyətlidir. Dəmir yolu və avtomobil nəqliyyatının inteqrasiyası konteyner daşımalarının daha səmərəli təşkilinə imkan yarada bilər. Bu isə Orta Asiya ölkələrinin - xüsusilə Qazaxıstan və Özbəkistanın - qlobal bazarlara çıxışını asanlaşdırmaqla yanaşı, onların Avropa ilə iqtisadi əlaqələrinin genişlənməsinə də şərait yaradar.

Ülviyyə Sanılı Aydın bildirib ki, bu prosesdə Azərbaycan yalnız tranzit ölkə kimi deyil, həm də logistika, anbar və əlavə dəyər xidmətləri təqdim edən regional mərkəz kimi mövqeyini möhkəmləndirə bilər.

Professor Zəngəzur dəhlizinin geosiyasi baxımdan da mühüm təsirlərə malik olduğunu qeyd edib. Onun sözlərinə görə, layihə Türkiyə və Azərbaycan arasında strateji əlaqələri daha da gücləndirə, eyni zamanda Orta Asiya ölkələri üçün Xəzər dənizi vasitəsilə Avropaya yeni və təhlükəsiz çıxış imkanı yarada bilər.

Bununla yanaşı, ekspert bildirib ki, layihənin reallaşması regional siyasi həssaslıqları da nəzərə almağı tələb edir və onun uğuru diplomatik balansların qorunmasından asılıdır.

Beynəlxalq investorlar üçün layihənin cəlbediciliyindən danışan alim qeyd edib ki, Avropa-Asiya ticarətinin artan həcmi və təchizat zəncirlərinin şaxələndirilməsi ehtiyacı infrastruktur layihələrinə marağı artırır. Orta Dəhlizin Çinin “Bir kəmər, bir yol” təşəbbüsü ilə uyğunluğu isə Asiya mənşəli maliyyə və investisiya axınlarını təşviq edə bilər. Eyni zamanda, Avropa İttifaqının alternativ və davamlı ticarət marşrutlarına dəstəyi də maliyyələşdirmə imkanlarını genişləndirə bilər.

“Lakin investorlar üçün əsas şərtlər siyasi sabitlik, hüquqi təhlükəsizlik və tranzit rejiminin aydın olmasıdır. Regional gərginliklər və hüquqi qeyri-müəyyənliklər investisiya marağını məhdudlaşdıra bilər”, – deyə Ülviyyə Sanılı Aydın əlavə edib.

Ekspertin sözlərinə görə, Zəngəzur dəhlizinin istifadəyə verilməsi Orta Dəhlizin rəqabət qabiliyyətini artıraraq Avropa-Asiya ticarətindəki payının genişlənməsinə şərait yarada bilər. Uzunmüddətli perspektivdə isə bu layihə Cənubi Qafqazı enerji və logistika kəsişməsində mühüm strateji mərkəzə çevirə bilər.

Professor sonda qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası regionda yeni iqtisadi imkanların yaranmasına zəmin yaradıb və Ermənistanla sülh prosesində əldə olunacaq irəliləyiş belə iri regional layihələrin tam potensialla reallaşmasına mühüm töhfə verə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
3
1
azertag.az

2Источники