"Bu onu göstərir ki, bazarda ümumi istiqamət yüksək qiymət mühitinin qorunması olsa da, artım sabit və düzxətli şəkildə getmir. Qiymətlər həm geosiyasi xəbərlərə, həm də qlobal maliyyə bazarlarındakı dəyişikliklərə çox həssas reaksiya verir. Xüsusilə dolların məzənnəsi, beynəlxalq inflyasiya gözləntiləri, aparıcı mərkəzi bankların faiz siyasəti və investor davranışı qızılın qiymətinə birbaşa təsir edən əsas amillər sırasındadır. Azərbaycan bazarında da qızılın qiyməti əsasən beynəlxalq birja qiymətləri, valyuta məzənnəsi, logistika xərcləri, idxal şərtləri, eləcə də məmulatın əyarı, çəkisi və emal xüsusiyyətləri əsasında formalaşır. Bu səbəbdən qlobal bazarda baş verən dəyişikliklər daxili bazarda da müəyyən gecikmə ilə özünü göstərir. Əgər beynəlxalq bazarda bahalaşma meyli davam edərsə, bu tendensiyanın yerli bazarda da hiss olunması qaçılmazdır. Bununla yanaşı, son satış qiymətlərinə yalnız xammalın dəyəri deyil, həm də istehsal, emal və ticarət marjası təsir göstərir".R.Əmircanovun sözlərinə görə, hazırkı şəraitdə qızıl bazarında bahalaşma meyli müşahidə olunur. Lakin bu artım bəzən qısa müddətli eniş və yüksəlişlərlə müşayiət edildiyindən bazarda dalğalanma da yüksək olaraq qalır. Yəni hazırda həm bahalaşma, həm də volatillik paralel şəkildə müşahidə edilir.Sevinc İbrahimzadə / Metbuat.az