Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Beynəlxalq “Qlaukoma həftəsi” çərçivəsində Azərbaycan Qlaukomatoloqlarının VII elmi-praktik konfransı keçirilib. Elmi toplantıda Azərbaycanla yanaşı, Türkiyə, Hindistan, İsveçrə, Böyük Britaniya, Sinqapur və Rusiyadan olan mütəxəssislər, 220 həkim, gənc oftalmoloq iştirak edib.
Konfransın açılışında bildirilib ki, elmi-praktik məclisin keçirilməsində məqsəd qlaukoma xəstəliyinin müasir diaqnostika və müalicə üsullarının müzakirəsi, bu sahədə əldə olunan son elmi nailiyyətlərin paylaşılması, həmçinin müxtəlif ölkələrdən olan mütəxəssislər arasında elmi və praktiki təcrübə mübadiləsinin aparılmasıdır. Çıxışlarda qeyd olunub ki, dünyada 80 milyondan çox insan qlaukomadan əziyyət çəkir. Korluğa səbəb olan bir sıra göz xəstəlikləri içərisində qlaukoma 2-ci yerdə gəlir.
Konfrans tibb elmləri doktorları Nizami Bağırov, Hicran Namazova, professor Ümit Ekşioğlu, tibb üzrə fəlsəfə doktoru Aybəniz Əhmədovanın moderatorluğu ilə davam edib, qlaukoma sahəsində aktual mövzulara həsr olunmuş məruzələr dinlənilib. Bəzi oftalmoloqlar məclisə onlayn formatda qoşulublar.
“Qlaukomada yeniliklər”, “Fərqli yaş qruplarında göz daxili təzyiqin yüksəlməsinin mümkün səbəblərinin müəyyən edilməsi”, “Süni intellekt və qlaukoma”, “Refraktiv cərrahi əməliyyatlardan sonrakı qlaukoma”, “Vitrektomizə olunmuş pasiyentlərdə pars plana Baerveldt şuntunun implantasiyası: cərrahi nüanslar”, “PRK, LASİK və Femto-LASİK əməliyyatlarından sonra steroid mənşəli oftalmohipertenziya”, “Pars plana vitrektomiyadan sonra müxtəlif növ tamponadalar zamanı torlu qişanın qanqlioz hüceyrə layı qalınlığının dəyişikliklərinin dinamikası” və digər mövzularda məruzələr maraqla qaşılanıb.
Qlaukomanın erkən diaqnostikası, müasir müalicə metodları, yeni texnologiyaların tətbiqi və oftalmologiya sahəsində innovativ yanaşmalar geniş müzakirə olunub. Bildirilib ki, konfrans oftalmologiya sahəsində çalışan mütəxəssislər üçün yeni elmi biliklərin əldə edilməsi, müasir tibbi texnologiyalarla tanışlıq və beynəlxalq əməkdaşlığın inkişafı baxımından mühüm platforma rolunu oynayacaq.
Zərifə HÜSEYNOVA
XQ