RU

Süni intellekt jurnalistikaya təhlükədir, yoxsa yeni imkan? – Ekspert açıqladı

Süni intellektin jurnalistikaya təsiri həm imkanlar, həm də risklər baxımından diqqət mərkəzindədir.

İnformasiya texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası eksperti Bəhruz Əliyev QHT.az-a verdiyi açıqlamada bildirib ki, süni intellektin jurnalistikadakı rolu onun necə istifadə olunmasından asılıdır.

 

O qeyd edib ki, bu texnologiya jurnalistlərin işini xeyli sürətləndirə və daha effektiv edə bilir: “Maliyyə hesabatları, idman nəticələri kimi standart xəbərlər avtomatik hazırlanır, böyük həcmli məlumatlar qısa zamanda analiz olunur. Eyni zamanda yanlış məlumatların aşkarlanması sürətlənir və oxucuya uyğun kontent təqdim edilir. Süni intellekt tədqiqat jurnalistikası üçün də ciddi dəstəkdir və jurnalisti əvəz etmir, əksinə onun alətinə çevrilir”.

 

Ekspert digər tərəfdən risklərin də mövcud olduğunu vurğulayıb: “Saxta video və xəbərlərin yayılması asanlaşır. Süni intellekt tərəfindən yaradılan məlumatlar bəzən səhv və ya manipulyativ ola bilər. Xüsusilə sadə kontent hazırlayan jurnalistlər üçün müəyyən risklər yaranır. Bundan əlavə, redaksiya etikası ilə bağlı suallar ortaya çıxır – məqaləni kim yazıb: insan, yoxsa alqoritm?”

 

Bəhruz Əliyev əlavə edib ki, süni intellekt yalnız nəzarətsiz və etik qaydalar olmadan istifadə edildikdə təhlükəli hesab oluna bilər: “Əgər bu texnologiya jurnalistin peşəkarlığını gücləndirən vasitə kimi tətbiq olunarsa, bu artıq bir imkandır. Süni intellekt jurnalistikanı məhv etmir, onu transformasiya edir. Gələcəyin jurnalisti texnologiyanı düzgün idarə edən peşəkar olacaq”.

Zəhra Ağayeva

Избранный
21
qht.az

1Источники