RU

Ətin qiyməti daha da qalxacaq: SƏBƏBLƏR AÇIQLANDI

Paytaxtın bəzi qəsəbələrində ət bazarında qiymət artımı müşahidə olunur. Bakının bir sıra qəsəbəsində dana və quzu ətinin qiyməti son bir gündə nəzərəçarpacaq şəkildə bahalaşıb. Satıcıların sözlərinə görə, qiymətlərdəki dəyişiklik xüsusilə bayram ərəfəsində daha çox hiss olunmağa başlayıb. Alıcılar isə qısa müddətdə baş verən bahalaşmanın səbəbləri ilə maraqlanırlar.

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmli bildirib ki, son dövrlər həm ət, həm də süd məhsullarının qiymətində ciddi artım qeydə alınır:

 “Ümumiyyətlə, Azərbaycanda vəziyyət belədir ki, həm ətin, həm də südün qiymətində ciddi artım var. Sadəcə südün qiyməti ilə bağlı çox danışılmır. Son vaxtlar heyvandarlıq məhsullarının qiymətində nəzərəçarpacaq artım müşahidə olunur və bu, heyvandarlıq sahəsində vəziyyətin kritik olduğunu göstərir.

Qiymət artımının əsas səbəbi təklifin azalmasıdır. Təklifin azalmasının da müəyyən səbəbləri var. Xatırlayırsınızsa, dekabr ayının sonlarına qədər ölkədə dabaq xəstəliyi yayılmışdı. Bu da onunla bağlıdır ki, Azərbaycanda qida çatışmazlığı səbəbindən heyvanların immun sistemi zəif olur”.

Ekspert əlavə edib ki, hazırda heyvanlar arasında müxtəlif xəstəliklər də yayılıb:

“Hazırda rayonlardan da məlumatlar daxil olur ki, həm xırdabuynuzlu, həm də iribuynuzlu heyvanlar arasında müxtəlif xəstəliklər yayılır. Bunun əsas səbəbi yenə də qida çatışmazlığıdır. Uzun illərdir deyilir ki, yem bazası zəifdir, yem ehtiyatları kifayət qədər deyil və tələbatı ödəmir. Digər tərəfdən, örüş sahələri də azalır. Baxmayaraq ki, heyvanların baş sayı azalıb, amma otlaq sahələri daha çox azaldığı üçün yük yenə də yüksək qalır.

Nəticədə məhsuldarlıq getdikcə azalır, məhsulun maya dəyəri isə artır. Biz bunu uzun illərdir deyirdik. Hökumət də son hesabatında qiymət artımını qeyd edir və bildirir ki, Azərbaycan bəzi yem komponentlərini xaricdən idxal edir.

Məsələn, soya şrotunun qiyməti 28 faizdən çox artıb. Digər yem komponentlərinin də idxal qiymətləri yüksəlib. Bunlar heyvandarlıq üçün vacib amillərdir. Əgər bu yemlər gətirilməsə və ümumiyyətlə yem təminatı zəifləsə, istehsal daha da azalacaq.

Təəssüf ki, hökumət problemin olduğunu etiraf edir, amma çıxış yolunu açıqlamır. Səlahiyyətli şəxslər yalnız faktları sadalamaqla kifayətlənməməlidir. Onlar problemi görməklə yanaşı, ondan çıxış yollarını da müəyyən etməli, strategiya və konsepsiya hazırlamalıdırlar”.

V. Məhərrəmlinin sözlərinə görə, vəziyyət bu cür davam edərsə, ətin qiyməti daha da yüksələcək:

“Yuxarıda qeyd etdiyim səbəbləri nəzərə alsaq, ət qiymətlərinin artması yalnız qarşıdan gələn bayramla bağlı deyil. Əsas səbəb istehsalın azalması və maya dəyərinin artmasıdır. Əgər belə davam edərsə, ətin daha da bahalaşması təəccüblü deyil. Hazırda başqa ölkələrdən də Azərbaycana ət gətirilir. Bir müddət əvvəl dabaq xəstəliyi yayılan ərəfədə bu ətlər daha çox satılırdı, amma bu ətlər yerli ətin qiymətini aşağı sala bilmir.

Bunun səbəbi isə odur ki, Azərbaycan istehsalı olan ətin keyfiyyəti çox yüksəkdir və onu digər ölkələrin ətləri ilə tam əvəz etmək mümkün olmur. Ona görə də hökumət bundan istifadə edərək yerli istehsalı artırmağa çalışmalıdır. Daha keyfiyyətli ət istehsal edərək həm daxili bazarı təmin etmək, həm də ixrac imkanlarını genişləndirmək olar.

Təəssüf ki, kənd təsərrüfatı sahəsində peşəkar mütəxəssislərin sayı çox azdır. Kənd Təsərrüfatı Nazirliyində, Nazirlər Kabinetində və digər dövlət qurumlarında bu sahə üzrə mütəxəssislər kifayət qədər deyil. Hətta Milli Məclisdə də kənd təsərrüfatı üzrə ixtisaslaşmış mütəxəssis yoxdur.

Belə yanaşma davam edərsə, kənd təsərrüfatında problemlərin daha da dərinləşməsi qaçılmaz olacaq”.


Telegram kanalımız
Избранный
45
1
yenisabah.az

2Источники