RU

Trampdan Tehrana GİZLİ ULTİMATUM – Müharibənin ƏN DƏHŞƏTLİ mərhələsi başlayır

Qlobal geosiyasi arenada İran ətrafında cərəyan edən hərbi-siyasi gərginlik yeni və həlledici mərhələyə qədəm qoyur. Xüsusilə ABŞ-nin İranla bağlı sərt ritorikası və müharibənin gələcək taleyi ilə bağlı verilən ziddiyyətli bəyanatlar beynəlxalq birliyin diqqət mərkəzindədir. Paris rəsmi şəkildə bəyan edib ki, ABŞ, İran və regionun qonşu dövlətləri arasında hərbi əməliyyatlar tamamilə dayandırıldıqdan sonra bölgəyə öz gəmilərini göndərməyə hazırdır. Bu, Fransanın regionda sabitliyin bərpasından sonra dəniz təhlükəsizliyində iştirak etmək niyyətini nümayiş etdirir.

Eyni zamanda ABŞ Prezidenti Donald Trampın İranla müharibənin tezliklə başa çata biləcəyi ilə bağlı verdiyi mesajlar dünya mediasında geniş əks-səda doğurub. Tramp İranın hazırda heç bir razılığa gəlməyə hazır görünmədiyini etiraf etsə də, münaqişənin yaxın zamanlarda həll olunacağına inandığını xüsusi vurğulayıb. Ağ Ev rəhbəri müharibənin gedişatına təsir edəcək bir sıra mühüm qərarlar qəbul etdiyini bildirsə də, bu planların detallarını açıqlamaqdan yayınıb. O, həmçinin qeyd edib ki, bu genişmiqyaslı toqquşmanın ABŞ iqtisadiyyatı üçün maliyyə təsiri əhəmiyyətsiz dərəcədədir, bu da Vaşinqtonun hərbi əməliyyatları davam etdirmək üçün kifayət qədər resurslara malik olduğunun göstəricisidir.

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı geniş təhlillərini bölüşən siyasi şərhçi Elçin Xalidbəyli bildirib ki, Trampın bu bəyanatları regionda böyük bir diplomatik və ya hərbi “fırtınadan” əvvəlki səssizliyi xatırladır:

“ABŞ-nin maliyyə təsirlərini “əhəmiyyətsiz” adlandırması İrana qarşı tətbiq edilən təzyiq mexanizminin hələ bitmədiyini, əksinə, daha sarsıdıcı mərhələyə keçə biləcəyini göstərir. Tramp administrasiyası bu açıqlaması ilə həm də daxili auditoriyaya və bazarlara mesaj verir ki, bu müharibə Amerika iqtisadiyyatının sütunlarını sarsıda bilməz. Əksinə, Vaşinqton bu prosesi özünün hərbi-sənaye kompleksini canlandırmaq və qlobal enerji yollarına tam nəzarəti ələ keçirmək üçün bir fürsət kimi görür”.

Elçin Xalidbəyli

Ekspert həmçinin vurğulayıb ki, İranın danışıqlar masasına oturmaqda tərəddüd etməsi Tehrandakı rejimin hələ də müəyyən daxili resurslara və bəzi xarici dəstək nöqtələrinə güvəndiyini nümayiş etdirir:

“Lakin rəsmi Tehranın bu ‘dikbaş’ mövqeyi ABŞ-nin masadakı kəskin planlarını daha da sürətləndirə bilər. Ağ Ev rəhbərinin “qərarlar vermişəm, amma açıqlamayacağam” deməsi əslində bir psixoloji müharibə elementidir. Bu, İran rəhbərliyini qeyri-müəyyənlik içində buraxmaq və onları hər an gözlənilməz hərbi zərbələrə qarşı qorxu atmosferində saxlamaq məqsədi daşıyır. Görünən odur ki, Vaşinqton artıq İranı diplomatik yollarla deyil, konkret ‘fakt qarşısında qoyma’ metodu ilə ram etməyə hazırlaşır”.

Fransanın mövqeyini şərh edən Elçin Xalidbəyli bildirib ki, Paris rəsmi şəkildə “müharibə bitsin, gəmilərimi göndərəcəyəm” deməklə əslində kənarda qaldığını etiraf edir:

“Avropa bu münaqişənin hərbi mərhələsində heç bir həlledici rol oynaya bilmədi və indi post-müharibə dövründə, yəni qənimətlərin paylanması və təhlükəsizlik arxitekturasının yenidən qurulması mərhələsində masada yer qazanmağa çalışır. Fransa bu addımı ilə həm də öz dəniz gücünü nümayiş etdirmək və regionun gələcək taleyində söz sahibi olduğunu göstərmək niyyətindədir. Lakin Trampın kəskin qərarları fonunda Fransanın bu ‘gecikmiş’ istəyi yalnız rəmzi xarakter daşıya bilər”.

Siyasi şərhçi sonda qeyd edib ki, Trampın “münaqişə tezliklə həll olunacaq” mesajı İrana ünvanlanmış sonuncu xəbərdarlıq, hətta açıq bir ultimatimdur:

“ABŞ Prezidenti bu ifadəsi ilə həm də regionun digər oyunçularına çatdırır ki, Vaşinqton bu məsələni uzunmüddətli bir ‘bataqlığa’ çevirmək niyyətində deyil. Müharibə ya Tehranın tam təslimiyyəti ilə masada, ya da ABŞ-nin hərbi arsenalındakı ən kəskin vasitələrin tətbiqi ilə meydanda bitəcək. Hər iki halda, İranın indiki geosiyasi konfiqurasiyası və regiondakı təsir imkanları yaxın aylarda köklü şəkildə dəyişəcək ki, bu da Azərbaycan da daxil olmaqla bütün qonşu dövlətlər üçün yeni bir regional reallıq deməkdir”.

Tunar
NOCOMMENT.az

Избранный
15
nocomment.az

1Источники