Martın 17-də saat 03:55 radələrində qaz sızması nəticəsində baş verən partlayışda xəsarət alan 3 nəfər (2 qadın, 1 kişi) Tovuz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə APA-nın qərb bürosuna Tovuz Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Məlumata görə, 2024 təvəllüdlü azyaşlıya (kişi) bədənin II-III dərəcəli 15 faizlik termiki yanığı, 1997 və 2005-ci il təvəllüdlü şəxslərə isə bədənin II-III dərəcəli 40-60 faizlik yanığı diaqnozları təyin olunub. Hər birinə zəruri ilkin tibbi yardım göstərilib, Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə hospitalizasiya olunublar.
***
10.10
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Tovuz rayonu, Aşağı Quşçu kəndində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m. olan fərdi yaşayış evində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.
Partlayış nəticəsində evə ziyan dəyib, üç nəfər xəsarət alıb.
Yanğınsöndürənlər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
***
09.05
Tovuzda fərdi yaşayış evində partlayış olub.
APA-nın yerli bürosunun məlumatına görə hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini 1967-ci il təvəllüdlü Z. Cəfərova məxsus 4 ortaqlı fərdi yaşayış evində qaz sızması nəticəsində anidən partlayış olub.
Nəticədə 1997-cü il təvəllüdlü C. Cəfərov, 2005-ci il təvəllüdlü T. Cəfərova və 2024-cü il təvəllüdlü F. Cəfərov yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Onlara dərhal yardım edilsə də hər üç yaralı vəziyyətinin ağır olması ilə bağlı Bakıya göndərilib.
Partlayış nəticəsində evdə dağıntılar olub, ev tamamilə yararsız hala düşüb.
Dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınınları və canlı qüvvəsi cəlb edilib. Evdə yanğın baş verməməsi üçün yanğınsöndürənlər tərəfindən təhlükəsizlik tədbirləri görülüb.
Faktla bağlı araşdırma aparılır.