RU

Diqqət! “şəkər koması” gəlir! – Bayramda bu səhvi etsəniz, tətildən sonra peşman olacaqsınız

Qarşıdan gələn 11 günlük tətil dövrü bu il həm milli ruhu ilə seçilən Novruz bayramı, həm də mənəvi saflıq rəmzi olan müqəddəs Ramazan ayı ilə üst-üstə düşür. Bu nadir təsadüf bir tərəfdən zəngin bayram süfrələri, digər tərəfdən isə orucluq və ibadət rejimi deməkdir. Belə bir vaxtda uzunmüddətli istirahət günlərini sağlamlıq problemi yaşamadan keçirmək, həm şəkərbura-paxlavanın cazibəsindən qorunmaq, həm də iftar və sahur balansını saxlamaq üçün düzgün qidalanma rejimi qurmaq mütləqdir.

Məsələ ilə bağlı tanınmış dietoloq Ləman Süleymanova NOCOMMENT.az-la öz tövsiyələrini bölüşüb.

Ekspert bildirib ki, 11 günlük bayram marafonu zamanı orqanizmi həddindən artıq yükləməmək üçün qidalanmada xüsusi keçid qaydalarına riayət olunmalıdır.

Diyetoloqun sözlərinə görə, Novruz süfrələrindəki şirniyyatların çoxluğu və Ramazan ayındakı aclıq saatları maddələr mübadiləsini yavaşlada bilər:

“Bu il bayramların üst-üstə düşməsi qidalanma planımızı daha həssas edir. Oruc tutanlar üçün iftar və sahur menyusu nə qədər önəmlidirsə, oruc tutmayan, lakin bayram süfrəsi arxasında əyləşənlər üçün də kalori nəzarəti bir o qədər vacibdir. Sahurda mütləq yumurta, kəsmik və ya pendir kimi uzun müddət toxluq yaradan zülallara üstünlük verilməlidir. İftarda isə qəfil yeməyə yüklənmək olmaz; əvvəlcə su və xurma ilə başlayıb, 10-15 dəqiqə fasilə vermək mədənin həzm prosesini işə salmaq üçün zəruridir”.

Ləman Süleymanova həmçinin Novruzun vazkeçilməzi olan un məmulatları ilə bağlı xəbərdarlıq edib.

O qeyd edib ki, paxlava və şəkərbura kimi ağır şirniyyatları axşam saatlarında, xüsusilə iftardan dərhal sonra qəbul etmək qanda şəkərin kəskin artmasına və piy qatının yığılmasına səbəb olur. Ekspert bu şirniyyatların günorta saatlarında (oruc tutmayanlar üçün) və ya kiçik porsiyalarla qəbulunu tövsiyə edir.

“11 günlük tətil boyunca fiziki aktivlik kəskin azalır, bu da həzm sistemində durğunluq yaradır,” – deyə dietoloq əlavə edib.

O, bayram günlərində su balansının qorunmasının vacibliyini vurğulayıb:

“Çay və qəhvə suyu əvəz etmir. Gündəlik ən azı 2 litr təmiz su içilməlidir. Süfrələrimizdəki plov və dolma kimi ağır xörəklərin yanında mütləq bol göyərti və təzə tərəvəz salatları olmalıdır ki, liflər həzmi sürətləndirsin. Unutmayın ki, 11 gün boyunca davam edən ağır qidalanma tətildən sonra ciddi yorğunluq və artıq çəki kimi geri dönə bilər”.

Diyetoloq yekun olaraq bildirib ki, həm Ramazan ruhuna, həm də Novruz sevincinə uyğun olan ən sağlam qidalanma formulu “az və tez-tez” prinsipidir:

“Ziyafətlərdə hər şeyin dadına baxmaq olar, lakin porsiya ölçülərinə diqqət yetirmək və yatmazdan ən azı 3 saat əvvəl qida qəbulunu dayandırmaq bayramdan sonrakı günlərdə özünüzü daha gümrah hiss etməyinizə şərait yaradacaq”.

Tunar
NOCOMMENT.az

Избранный
16
nocomment.az

1Источники