RU

Deputat qanun layihəsinin əleyhinə çıxdı

"Qanun layihəsinin 525-1-ci maddəsi ilə bağlı - Uşağa qarşı cismani cəzanın tətbiqi maddəsi ilə bağlı fikrimi bölüşmək istərdim. Valideynlərə tərbiyə məqsədilə fiziki və ya psixoloji zorakılığın törədilməsinə görə cərimə nəzərdə tutulub. Gözlənilməz səslənsə də mən qanunun bu maddəsinin əleyhinəyəm. Hesab edirəm ki, bu, çox təhlükəli qanun layihəsidir".
Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deputat Nigar Arpadarai deyib.
 
"Güclü ailə bizim milli kimliyimizin əsasını təşkil edir. Məsələ ondadır ki, bu maddə faktiki olaraq Pandoranın qutusunu açır və ailə bütövlüyünün, valideynlərlə uşaqlar arasındakı münasibətlərin zəifləməsinin başlanğıcına çevrilə bilər. Bu sahədə onsuz da problemlərimiz var və onları həll etmək lazımdır, daha da dərinləşdirmək yox. Bəli deyə bilərsiz ki, bu tip qanunlar 1980-ci illərdən etibarən Avropada və bəzi digər ölkələrdə qəbul olunur və artıq təxminən 70 ölkə bunu edib. Bu doğrudur. Amma həmin ölkələrin siyahısına baxsanız, onların əksəriyyətində demoqrafik vəziyyətin ağır olduğunu görərsiniz. Həmin ölkələrin ailələrində olan neqativ halların yaranmasında belə qanunların kifayət qədər böyük rolu var - bu proses qonşulara, müəllimlərə və uzaq qohumlara valideynlərin uşaqlara fiziki və ya psixoloji təzyiq göstərdiyi barədə, polisə və sosial xidmətlərə müraciət etmək imkanı verən qanunlarla başlayıb. Heç kim mənə sübut edə bilməz ki, belə yanaşma real fayda gətirir.
Dünyada böyük ideoloji mübarizə gedir və ənənəvi ailə institutu bu mübarizənin hədəflərindən biridir. Bu cür qanun isə bir növ aldadıcı mexanizm rolunu daşıyır. O, uşaqların hüquqlarının qorunması illüziyasını yaratmaq üçün belə təqdim olunur. Lakin əslində sağlam ailələrin uşaqlara verdiyi qorumanı zəiflətməyə və dağıtmağa gətirib çıxarır. Təbii ki, mən uşaqlara qarşı fiziki cəzanın qəti əleyhinəyəm. Biz tərbiyə məqsədilə fiziki cəzalara qarşı mübarizə aparmalıyıq. Amma bunu, belə problemli qanunu qəbul etməklə deyil, insanların maarifləndirilməsi yolu ilə etməliyik. Qanunda psixoloji cəza anlayışı da var. Bunu kim müəyyən edəcək? Dövlət minlərlə psixoloq işə götürməlidir ki, valideynlərin uşaqlara psixoloji təzyiq göstərib-göstərmədiyini yoxlasın? Tərbiyənin harada bitdiyini və psixoloji təzyiqin başladığını necə müəyyən etmək olar? Bu müddəa praktikada icrası çox çətin olan və müxtəlif sui-istifadələrə yol aça bilən bir yanaşmadır. Digər tərəfdən, fiziki zorakılığa görə cinayət məsuliyyəti artıq mövcuddur və heç kim valideynləri bu məsuliyyətdən azad etmir.
Mənim qənaətimə görə, bu qanun Azərbaycan ailəsinin möhkəmləndirilməsi üzrə strategiyamıza ziddir. Uşaqları döymək olmaz - bu tam aydındır. Lakin bunun üçün başqa yollar axtarmaq lazımdır və beynəlxalq lobbi qruplarının təşviq etdiyi mexanizmlərə düşünmədən qoşulmaq düzgün deyil. Belə yanaşmanın tətbiq olunduğu ölkələrdə nəticələr göz qabağındadır - Qərb ölkələrində ailə və uşaq siyasəti sahəsində vəziyyət yaxşılaşmır, əksinə daha da mürəkkəbləşir. Əgər belədirsə, niyə biz onların yolu ilə getməliyik? Mən bunu həm deputat, həm də ana kimi deyirəm", - deyə deputat bildirib.

Mürtəza

Избранный
5
9
olke.az

10Источники