RU

BAYRAM SÜFRƏSİ NEÇƏYƏ BAŞA GƏLİR? Qiymətlər və bahalaşan məhsullar

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Məlum olduğu kimi, ölkəmizdə Novruz və Ramazan bayramlarına artıq sayılı günlər qalıb. Bayramın yaxınlaşdığı bir vaxtda insanları maraqlandıran əsas məsələlərdən biri də bazarlardakı məhsulların qiymətləridir.

Bayram süfrəsi üçün ənənəvi məhsulların qiymətləri bu il də növündən və çeşidindən asılı olaraq dəyişir. Hazırda bayram süfrəsinin əsasını təşkil edən çərəzlər bazarda müxtəlif qiymətlərlə təklif olunur. Ötən illə müqayisədə çərəz məhsullarının qiymətində ciddi bahalaşma nəzərə çarpır. Bazarlarda qabıqlı qozun qiyməti 6–13 manat, qabıqlı fındıq isə 6–11 manat arasında dəyişir. Daha keyfiyyətli məhsullara üstünlük verənlər üçün qiymətlər xeyli yüksəlir - püstə 25–27 manat, qoz ləpəsi 16–27 manat, fındıq ləpəsi isə 18–30 manat civarındadır. Şabalıdın qiyməti 11–18 manat arasında dəyişsə də, bəzi yerlərdə 10 manata da təklif olunur.

Bayramın əsas atributlarından biri olan səməni isə ölçüsündən asılı olaraq 3 manatdan başlayaraq 20 manata qədər yüksəlir və əvvəlki illərlə müqayisədə bahalaşdığı müşahidə olunur.

Novruz süfrəsinin əsas yeməklərindən biri olan plov üçün tələb olunan məhsullar da bahalaşıb. Düyü 2–3 kiloqram üçün təxminən 8–12 manat təşkil edir. Ət qiymətləri da ailələrin ümumi xərcində ciddi paya malikdir. Hazırda mal əti 17 manat, quzu əti isə orta hesabla 20 manatdır. Plov üçün istifadə olunan kişmiş, şabalıd, qaysı və qoz kimi məhsullar da əlavə xərclər yaradır. Qurudulmuş meyvələr arasında kişmiş 8–15 manat, qaysı 9–14 manat civarında satılır. Digər quru meyvələrdən innab 8–11 manat, xurma 5–10 manat, ərik qurusu 10 manat, iydə 12 manat, gavalı qurusu isə 7–14 manat arasında dəyişir.

Bayram süfrəsinin ayrılmaz hissəsi olan salatlar üçün tərəvəzlərə də kifayət qədər xərc tələb olunur. Ümumi hesabla pomidor, xiyar, göyərti və digər tərəvəzlər üçün 15–27 manat aralığında vəsait xərclənir. Ayrı-ayrılıqda baxdıqda isə pomidorun kiloqramı 4,50–6 manat, xiyarın 4,50–5 manat, kartofun 0,70–1,40 manat, soğanın 0,25–0,40 manat, çuğundurun 0,50–1 manat, kökün və turpun isə təxminən 1 manat olduğu görünür.

Şirniyyatlar bu il də Novruz süfrəsinin ən bahalı hissələrindən biri olaraq qalır. Hazır məhsullardan paxlava, şəkərburanın kiloqramı 25–40 manat arasında dəyişir. Ev şəraitində hazırlanması üçün isə təxminən 90 manatlıq ərzaq tələb olunur. Tək-tək satış zamanı şəkərbura, paxlava və qoğalın qiyməti 2–2,5 manat olsa da, bəzi mağazalarda bu rəqəm 4,5–5 manata qədər yüksəlir.

Meyvələr də süfrənin vacib komponentlərindəndir və qiymətlər burada da müxtəlifdir. Portağal 2–3 manat, banan 3,20–3,70 manat, alma 2–3,50 manat, armud 2,20–3,30 manat, nar isə 2,50–4 manat arasında təklif olunur.

Beləliklə qeyd olunan qiymətlər əsasında 4 nəfərlik bir ailə üçün təxminən ümumi xərc (orta qiymətlərlə) belədir:

- Ət (2–3 kq) - 30–40 manat;

- Düyü - 10 manat;

- Çərəzlər (qoz, fındıq, şabalıd, kişmiş və s.) 50–60 manat;

- Aş üçün quru meyvələr - 20–30 manat;

- Tərəvəzlər - 20–30 manat;

- Meyvələr - 20–30 manat;

- Şirniyyat - 40–60 manat;

- Səməni və əlavə xərclər - 10 manat;

Ümumi real xərc: 200 – 270 manat.

Ortaya çıxan məbləğdən də aydın olur ki, Novruz süfrəsi ailə büdcəsində ciddi bir paya malikdir. Minimum əməkhaqqı ilə çalışan iki nəfərin ümumi gəliri 800 manat olduğu halda, təkcə bayram süfrəsi üçün 200–250 manat arası vəsait xərclənməsi ümumi gəlirin təxminən 20–30 faizinin bu istiqamətə yönəldiyini göstərir.

E. Bəyməmmədli

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
34
1
azpolitika.info

2Источники