RU

“Bəsic” məntəqələri niyə vurulur? – ABŞ-nin daxili xaos və iflic strategiyası

Yaxın Şərqdə alovlanan müharibə artıq İran rejimi üçün varlıq və yoxluq savaşına çevrilməkdədir. ABŞ və müttəfiqlərinin İrana qarşı hərbi strategiyası hər keçən gün daha da sərtləşir və əməliyyatların coğrafiyası İranın iqtisadi can damarlarını hədəfə almağa başlayır. Xüsusilə, İranın neft ixracatının “ürəyi” hesab olunan Xarq adasının hədəf seçilməsi və mümkün nəzarətə götürülmə planları Vaşinqtonun Tehranı diz çökdürmək üçün masaya qoyduğu ən radikal addımlardan biridir. Bu addım sadəcə hərbi müdaxilə deyil, həm də rejimin maliyyə sütunlarını tamamilə dağıtmağa hesablanmış strateji gedişdir.

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Asif Nərimanlı bildirib ki, ABŞ İrana qarşı tətbiq etdiyi çoxmərhələli planın detallarını açıqlayıb.

Ekspert bildirib ki, Xarq adasının vurulması və nəzarətə götürülmək niyyəti ABŞ-nin rejimin dirənişini qırmaq hədəfinə gedən yolda “C planı” kimi dəyərləndirilə bilər:

“ABŞ-nin strategiyasında A planı – Xameneinin fiziki olaraq aradan qaldırılması və kütləvi hava zərbələri ilə rejimin dərhal təslim olması idi ki, bu ssenari hələlik baş tutmadı.

B planı isə daxili etnik faktorları, xüsusilə kürd silahlı qruplarını hərəkətə gətirməklə daxili xaos yaratmaq variantı idi. Bu plan hələ rəfə qaldırılmasa da, müəyyən səbəblərdən təxirə salındı.

Hazırda isə biz C planı-nın icrasını müşahidə edirik. Bu planın əsas mahiyyəti İranın ən böyük gəlir mənbəyi olan neft ixracını sıfırlamaq və rejimin maliyyə damarlarını kəsməkdir. İranın neft ixracının 90 faizini təmin edən Xarq adasının hədəfə alınması məhz buna hesablanıb”.

Asif Nərimanlı

Asif Nərimanlı vurğulayıb ki, Donald Trampın bəyanatları Tehran üçün son xəbərdarlıq xarakteri daşıyır:

“Tramp hələlik adadakı hərbi hədəflərə zərbə endirdiklərini bildirsə də, mesajı aydındır: Əgər İran Hörmüz boğazında gəmilərin keçidinə maneə yaradarsa, ABŞ bütün neft infrastrukturunu yerlə-yeksan edəcək. Bu, təkcə hədə-qorxu deyil, real müharibənin yeni mərhələsidir.

Burada iki əsas ehtimal var: ya hərbi hədəflər məhv edildikdən sonra xüsusi təyinatlı qüvvələrin (desantın) yeridilməsi ilə ada birbaşa nəzarətə götürüləcək, ya da neft infrastrukturu tamamilə sıradan çıxarılacaq. Hər iki halda hədəf İranı gəlirsiz qoymaq, ölkədə iqtisadi çöküş yaratmaq və nəticədə hakimiyyəti ‘küçə təzyiqi’ ilə üz-üzə qoymaqdır”.

Siyasi şərhçi daxili müqavimət mexanizmlərinə də toxunaraq maraqlı bir məqamı qeyd edib:

“Hava zərbələri zamanı xüsusi olaraq “Bəsic” məntəqələrinin hədəf alınması təsadüfi deyil. Bu, İranda gözlənilən mümkün daxili etirazlar zamanı rejimin xalqın qarşısına çıxara biləcəyi müqavimət qüvvələrini indidən zəiflətmək məqsədi daşıyır. Yəni ABŞ həm xaricdən hərbi, həm də daxildən sosial təzyiqlə Tehranı çökdürməyə çalışır. Lakin İranın da bu ssenariyə qarşı öz ‘əks-gedişləri’ ola bilər. Müctəba Xameneinin işarə etdiyi ‘yeni cəbhələrin’ açılması, müharibənin proksilər vasitəsilə digər regionlara sıçraması İranın sonuncu müdafiə xətti ola bilər”.

Tunar
NOCOMMENT.az

Избранный
15
nocomment.az

1Источники