Nigar Arpadarai hesab edir ki, dünyada böyük ideoloji mübarizə gedir və ənənəvi ailə institutu bu mübarizənin hədəflərindən biridir: "Bu cür qanun isə bir növ aldadıcı mexanizm rolunu daşıyır. O, uşaqların hüquqlarının qorunması illüziyasını yaratmaq üçün belə təqdim olunur. Əslində, sağlam ailələrin uşaqlara verdiyi qorumanı zəiflətməyə və dağıtmağa gətirib çıxarır. Təbii ki, mən uşaqlara qarşı fiziki cəzanın qəti əleyhinəyəm. Biz tərbiyə məqsədilə fiziki cəzalara qarşı mübarizə aparmalıyıq. Amma bunu belə problemli qanunu qəbul etməklə deyil, insanların maarifləndirilməsi yolu ilə etməliyik. Qanunda psixoloji cəza anlayışı da var. Bunu kim müəyyən edəcək? Dövlət minlərlə psixoloq işə götürməlidir ki, valideynlərin uşaqlara psixoloji təzyiq göstərib-göstərmədiyini yoxlasın? Tərbiyənin harada bitdiyini və psixoloji təzyiqin harada başladığını necə müəyyən etmək olar? Bu müddəa praktikada icrası çox çətin olan və müxtəlif sui-istifadələrə yol aça bilən yanaşmadır. Digər tərəfdən, fiziki zorakılığa görə cinayət məsuliyyəti artıq mövcuddur və heç kim valideynləri bu məsuliyyətdən azad etmir. Bu qanun Azərbaycan ailəsinin möhkəmləndirilməsi üzrə strategiyamıza ziddir. Uşaqları döymək olmaz - bu tam aydındır. Lakin bunun üçün başqa yollar axtarmaq lazımdır və beynəlxalq lobbi qruplarının təşviq etdiyi mexanizmlərə düşünmədən qoşulmaq düzgün deyil. Belə yanaşmanın tətbiq olunduğu ölkələrdə nəticələr göz qabağındadır - Qərb ölkələrində ailə və uşaq siyasəti sahəsində vəziyyət yaxşılaşmır, əksinə, daha da mürəkkəbləşir. Əgər belədirsə, niyə biz onların yolu ilə getməliyik? Mən bunu həm deputat, həm də ana kimi deyirəm".
Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova həmkarının narahatlığını başa düşdüyünü deyib: "Uzun müddətdir bu məsələlərlə məşğul olan insan kimi deyə bilərəm ki, bu formatda qanunların qəbulunda hər zaman fərqli fikirlər söylənilir. Belə qanunlar qəbul ediləndə deyirlər ki, mən öz arvadımı döyə bilmərəm, öz uşağımı vura bilmərəm?! Azərbaycan demoqrafik inkişaf edən ölkədir. Biz bu qanunda ən çox uşaqların hüquqlarını müdafiə edirik. Ona görə də bu qanunun qəbulu çox vacibdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31