RU

Murat Kurum: COP31 üç prinsipə dialoq, konsensus və fəaliyyətə əsaslanacaq

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Ankara, 17 mart, AZƏRTAC

Türkiyə qlobal iqlim dəyişikliyi ilə mübarizəyə əhəmiyyətli töhfə verməyə hazırdır. AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum martın 17-də Ankarada BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 31-ci Konfransına (COP31) hazırlıqla bağlı Avropa İttifaqının səfirləri üçün keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, noyabr ayında keçiriləcək COP31 sammiti üç prinsipə - dialoq, konsensus və fəaliyyətə əsaslanacaq.

“Türkiyə təkcə COP31-in ev sahibi ölkə deyil. Biz Antalyadakı sammiti ətraf mühitin mühafizəsində qlobal transformasiya üçün “mərkəzi platformaya” çevirəcəyik. Bəşəriyyət iqlim dəyişikliyinə qarşı mübarizədə artıq yeni bir sərhədə çatıb. Artıq gözləmək lüksünə dözə bilmərik”, - deyə türkiyəli nazir bildirib.

M. Kurum bildirib ki, Türkiyə hökuməti COP31 üçün doqquz prioritet sahə müəyyən edib və onlardan birincisi “sıfır tullantı” hədəfidir. O, Türkiyə Prezidentinin xanımı Əminə Ərdoğanın qlobal dəstək alan müvafiq təşəbbüsünü xatırladıb.

Nazir sözünə davam edərək deyib: “Ankaranın digər prioritet məqsədlərinə gənc nəsil arasında iqlim dəyişikliyi barədə məlumatlılığın artırılması, yaşıl iqtisadiyyat sektorlarında istehsalın artırılması və sairə daxildir”.

O, həmçinin Avropada pisləşən ekoloji vəziyyətə diqqət yetirib: “Qitədə istiləşmə sürəti qlobal orta göstəricidən təxminən iki dəfə çoxdur. Zərər təqribən 738 milyard avro təşkil edir. Bu məbləğin demək olar ki, yarısı Avropa ölkələrində “su stresi”nin təsirləri ilə bağlıdır”.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
4
2
azertag.az

3Источники