ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 17 mart, AZƏRTAC
Martın 17-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasın gündəliyi qəbul edildikdən sonra cari məsələlərlə bağlı müzakirələr aparılıb. Müzakirələr zamanı çıxış edən parlamentin komitə sədrləri, deputatlar gündəmdə olan bəzi məsələlərə dair öz fikirlərini bölüşüblər.
Deputatlar bu gün işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı quruculuq və abadlıq işlərinin uğurla davam etdirilməsini, bununla yanaşı, bu torpaqlarda milli-mənəvi dəyərlərimizin və ənənələrimizin də bərpasını yüksək qiymətləndiriblər. Dövlətimizin beynəlxalq tədbirlərdə özünün işğala son qoymaq və sülh yaratmaq təcrübəsini bölüşdüyü diqqətə çatdırılaraq, bu gün dünyada mövcud olan qlobal problemlərin həlli baxımdan ötən həftə keçirilmiş “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunmuş XIII Qlobal Bakı Forumunun mühüm əhəmiyyəti vurğulanıb.
Parlamentin sədri iclasın gündəliyinə 9 məsələnin daxil edildiyini söyləyib. O, birinci məsələnin “2000-ci il 21 iyun tarixli Protokol ilə təsdiq edilmiş “Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi haqqında Əsasnamə”yə dəyişikliklər edilməsinə dair Protokol”un təsdiq edilməsi barədə qanun layihəsi olduğunu diqqətə çatdırıb. S.Qafarova qeyd edib ki, layihə beynəlxalq sənədlə bağlı olduğuna görə, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə əsasən bir oxunuşda qəbul edilməlidir.
Məsələ barədə məlumat verən Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, “Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi haqqında Əsasnamə”yə dəyişikliklər edilməsinə dair Protokol” 13 oktyabr 2023-cü ildə Bişkek şəhərində imzalanıb. Protokola əsasən, adıçəkilən Əsasnaməyə bir neçə dəyişiklik edilib. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Milli Məclisin sədri növbəti məsələnin “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin olduğunu deyib. O, layihədə təklif olunan dəyişikliklərin uyğunlaşdırma xarakteri daşıdığını və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə uyğun olaraq bir oxunuşda qəbul ediləcəyini bildirib.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov qanun layihəsinin mahiyyətini diqqətə çatdırıb. O qeyd edib ki, inzibati icraat proseslərinin elektronlaşdırılması, dövlət informasiya sistemlərinin geniş tətbiqi nəticəsində bəzi inzibati xətalar haqqında qərarların kağız daşıyıcıda tərtib edilməsi və surətinin nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulmasına zərurət qalmayıb. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
S.Qafarova növbəti 2 məsələnin üçüncü oxunuşda qanun layihələri olduğunu söyləyib.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Yerin təki haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair (üçüncü oxunuş) məlumat verib. O, birinci və ikinci oxunuşlarda sənədlə bağlı geniş məlumatın təqdim edildiyini, qaldırılan məsələlərin qanunvericilik subyekti ilə müzakirə edildiyini bildirib. Sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib. Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Daha sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsinin mahiyyətini diqqətə çatdırıb. Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
S.Qafarova gündəliyin növbəti 2 məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu bildirib.
İclasda Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov Əmək Məcəlləsində və “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O bildirib ki, qanun layihəsinə əsasən Mədəniyyət Nazirliyi sisteminə daxil olan uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və digər bu qəbildən olan dövlət təhsil müəssisələrində çalışan təhsilverənlərin nəzəri bilikləri, təcrübəsi və peşə yararlılığı attestasiya yolu ilə deyil, Elm və Təhsil Nazirliyində tətbiq olunan mexanizmə uyğun olaraq, sertifikasiya imtahanı vasitəsilə qiymətləndiriləcək.
Sonra Əmək və sosial siyasət komitəsinin üzvü Nigar Məmmədova layihə barədə bu komitənin rəyini açıqlayaraq qeyd edib ki, təklif olunan dəyişikliklər yalnız qiymətləndirmə prosedurunun yenilənməsi deyil, eyni zamanda, təhsil sistemində şəffaflığın, sosial ədalətin və ictimai etimadın gücləndirilməsinə yönəlmiş mühüm addımdır. Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Parlamentin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu “Mədəniyyət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsindən (ikinci oxunuş) bəhs edib. Mədəniyyət nazirinin müavini Səadət Yusifova qaldırılan məsələlərə aydınlıq gətirib. Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Milli Məclisin sədri gündəliyin qalan 3 məsələsinin birinci oxunuşda təqdim olunan qanun layihələri olduğunu bildirib.
Gündəliyin yeddinci məsələsi – Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə məlumat verib. Qanun layihəsi mövcud hüquqi tənzimləməni yenilənmiş institusional mühitə uyğunlaşdırmaqla, dövlət vəsaitlərinin təyinatı üzrə istifadəsinə görə məsuliyyət mexanizmini daha sistemli və əhatəli şəkildə müəyyən etməyə xidmət edir.
Növbəti məsələni - Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəllədə, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Media haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov təqdim edib. Bildirib ki, süni intellekt idarəçiliyinin ən mühüm komponenti ondan etik dəyərlər çərçivəsində məsuliyyətlə istifadənin təmin edilməsi və hüquqi tənzimlənməsidir.
Gündəliyin sonuncu məsələsi olan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov məlumat verib. Bildirib ki, layihədə bir neçə istiqamət üzrə dəyişikliklər təklif olunub. İstiqamətlərin biri dövlət maliyyəsinə nəzarət və elektronlaşma ilə bağlıdır.
Hər 3 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Müxbir - Tərgül Babayeva
Fotoqraf - Aydın Məmmədov





Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.