Azərbaycanda dövlət tibb müəssisələrində çalışan həkimlərə ödənilməsi nəzərdə tutulan bonuslar aylardır gecikdirilir.
NOCOMMENT.az-a daxil olan məlumatlara görə, bəzi tibb mərkəzlərində çalışan həkimlərə verilən əlavə ödənişlər artıq 5 aya yaxındır hesablarına çatmayıb.
Məlumata əsasən, tək paytaxtda deyil, Sumqayıt şəhərindəki tibb mərkəzlərində də həkimlərin bonusları keçən ilin oktyabr ayından bəri ödənməyib.
Daha bir problem isə, ödənilən bonusları əməkhaqqı ilə eyni gündə ödənilməsi, bununla da daha çox vergi tutulmasına şərait yaradılmasıdır
Mənbələr bildirir ki, bəzi müəssisələrdə, o cümlədən Klinik Tibb Mərkəzində bonuslar əməkhaqqı ilə eyni gündə verildiyi üçün daha yüksək vergi tutulur, bu da həkimlərin gəlirlərini azaldır.
Həkimlərin əlavə ödənişlərinin gecikməsi təkcə maddi vəziyyətə təsir etmir. Qeyd edilir ki, bu vəziyyət peşəkar həkimlərin motivasiyasını azaldır, iş yükü ilə bağlı stressi artırır. Nəticədə bəzi həkimlər daha stabil maliyyə və karyera imkanları üçün özəl klinikalara, hətta xaricə üz tutmağa meyllənir ki, bu da əhali üçün dövlət xəstəxanalarında professional həkim çatışmazlığına səbəb ola bilər.
Bundan əlavə, qeyd edək ki, bonusların ödənilməməsi xəstələrin seçim imkanlarını da məhdudlaşdırır.
Həkimlərin haqsızlıq və iş şəraitindən narazı olmaları onların xəstələrə göstərdiyi xidmətin səviyyəsinə də təsir edə bilər. Bu isə dövlət tibb sektorunun ümumi fəaliyyətinə ziyan vura bilər.
Həkimlərin maddi durumunun sabitləşdirilməsi, bonus ödənişlərinin vaxtında həyata keçirilməsi və iş şəraitinin yaxşılaşdırılması sahədəki narazılıqların aradan qaldırılması üçün vacibdir.
Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə rəsmi sorğu göndərilsə də, hələ ki cavab verilməyib.
***
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən NOCOMMENT.az -a verilən açıqlamada bildirilib ki, TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində çalışan həkimlərin əməkhaqlarına tətbiq edilən bonuslar (işin nəticəsinə görə aylıq əlavələr) xəstəxanalardan daxil olan reyestrə əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ekspertiza edildikdən sonra ödənilir:
“Tibb müəssisələri tərəfindən təqdim edilmiş reyestrlər vaxtında, düzgün və tam həcmdə daxil olduqda Agentlik tərəfindən bonusların hesablanması və ödənişi ekspertiza müqaviləsinin şərtlərində nəzərdə tutulan müddətdə (20 gün) həyata keçirilir.
Tibb işçilərinə ödənilən bonuslar əməkhaqqının tərkib hissəsi hesab olunur və onların vergiyə cəlb olunması Azərbaycan Respublikasının vergi qanunvericiliyinə uyğun olaraq həyata keçirilir”.
Tunar
NOCOMMENT.az