ABŞ prezidenti Donald Trampın Hörmüz boğazının təhlükəsiz işləməsi məqsədilə NATO ölkələrinə müraciətinin müsbət qarşılanmaması hərbi blok daxilində qarşıdurmanın və fikir ayrılığının dərinləşdiyini açıq şəkildə sərgilədi.
Newscenter.az xəbər verir ki, bunu siyasi şərhçi Elçin Ağamalı deyib. O bildirib ki, 1949-cu ildə SSRİ və onun kommunist müttəfiqlərinə qarşı formalaşan Alyans dünyanın müxtəlif bölgələrində fərqli geosiyasi maraqları olan dövlətləri öz ətrafında birləşdirmişdi:
“NATO daxilində zaman-zaman müxtəlif fikir ayrılıqları və sərt qarşıdurmalar mövcud olmuşdur. 1955-ci ildə Almaniya Federativ Respublikasının NATO-ya üzv qəbul olunmasına Fransa və Böyük Britaniyanın ciddi etirazını, ABŞ-ın Avropadakı hegemonluğuna etiraz edən Fransanın blokdan çıxmasını və yalnız 2009-cu ildə yenidən bloka üzv olmasını, 1974-cü ildə iki NATO ölkəsi olan Türkiyə və Yunanıstanın Kipr adasındakı hərbi qarşıdurmasını, 1986-cı ildə Berlində törədilmiş terror aktına görə ABŞ və Böyük Britaniyanın Liviyanı bombaladığı bir məqamda Fransa və İspaniyanın öz hava məkanlarını müttəfiqlərin hərbi təyyarələri üçün bağladığını xatırlatmaq kifayətdir.
Lakin, SSRİ-nin süqutu ilə Alyansın əsas aparıcı dövləti olan ABŞ-la Avropa ölkələrinin təhlükəsizlik prioritetləri arasında ciddi fikir ayrılığı yarandı ki, bunun da nəticədə mövcud durum ortaya çıxdı. Əsas rəqibi olan SSRİ-nin süqutunu təmin edən ABŞ üçün növbəti hədəf Çin idi. Çin Asiya, Afrika və Cənubi Amerika ölkələrinə iqtisadi və maliyyə resursları ilə nüfuz etməklə bərabər öz hərbi gücünü sürətlə artırırdı. Qərbi Avropa ölkələrinin XX əsrin birinci yarısına qədər dünyada malik olduqları hegemonluqdan isə demək olar ki, heç nə qalmamışdı (Böyük Britaniya və Fransanın müəyyən geosiyasi təsirləri xaric) və bu ölkələr özlərinə qarşı əsas təhdid kimi Rusiyanı görməkdə davam edirdilər”.
Elçin Ağamalı qeyd edib ki, Donald Trampın yenidən prezident seçilməsi ilə ABŞ və onun Avropadan olan müttəfiqləri arasındakı fikir ayrılığı daha aydın şəkildə qabardı:
“İlk növbədə Tramp digər NATO üzvlərini müdafiə xərclərinə kifayət qədər büdcə ayırmamaqda və ABŞ-ın hesabına öz təhlükəsizliklərini təmin etməkdə ittiham etdi. Daha sonra Ukrayna-Rusiya müharibəsinə münasibətlə, Qrelandiya adasına iddia etməklə mövcud olan fikir ayrılığını daha da dərinləşdirdi. Təbii olaraq Alyans üzvləri əllərinə düşən fürsəti dəyərləndirdilər və ABŞ-ın Hörmüz boğazı ilə bağlı təklifinə rədd cavabı verdilər”.
Süleyman