Tel-Əvivin şərqində yerləşən İsrailin Ramat Qan şəhərində bir kişi və bir qadın İranın raket zərbəsi nəticəsində aldığı xəsarətlərdən ölüb.
Herbiand.az xəbər verir ki, bu barədə İsrailin xilasetmə xidməti məlumat verib. Mediada yayılan məlumatlara görə, ölənlər 70-80 yaşlarında yaşlı cütlük olub.
Dərc olunmuş foto və videolara əsasən, raket yaşayış binasına dəyib.
Eyni xilasetmə xidmətinin məlumatına görə, Tel-Əvivin yaxınlığında yerləşən Bnei Brak şəhərində də gənc kişi qolunda yüngül qəlpə yaraları ilə xəstəxanaya aparılıb.
Həmçinin, Tel-Əvivdəki Savidor dəmir yolu stansiyasının raket zərbəsi nəticəsində zədələndiyi bildirilib. Stansiyadan keçən qatar xidməti müvəqqəti olaraq dayandırılıb. Mediada yayılan məlumatlara görə, İsrailin mərkəzində yanğınsöndürənlər raket hücumları nəticəsində yaranan bir neçə yanğını söndürüblər.