Son dövrlərdə qlobal enerji bazarları geosiyasi gərginliklərin təsiri altında ciddi dalğalanma yaşayır. Xüsusilə ABŞ-İsrail-İran xəttində artan risklər neft qiymətlərinə birbaşa təsir göstərir. Körfəz regionu dünya neftinin böyük hissəsinin hasil və tranzit olunduğu ərazi olduğu üçün burada hər hansı hərbi və ya siyasi eskalasiya qiymətlərin sürətlə yüksəlməsinə səbəb olur. Metbuat.az xəbər verir ki, hazırda əsas risk nöqtəsi kimi Hörmüz boğazı ön plana çıxır. Dünya üzrə daşınan neftin təxminən beşdə biri bu dar keçiddən keçir. Əgər İran tərəfindən bu marşruta təzyiq artsa və ya hərbi qarşıdurma genişlənsə, bazarda təklif kəskin azalacaq və qiymətlər qısa müddətdə sıçrayış edəcək. Bu halda bir barel neftin qiymətinin 120 dollar həddini keçməsi real görünür. Hətta bu rəəqmin daha yüksək olacağı istisna edilmir. Bununla yanaşı, bazarda spekulyativ amillər də qiymətlərin formalaşmasında mühüm rol oynayır. Böyük investisiya fondları və treyderlər risklərin artdığını gördükdə əvvəlcədən alışlara başlayır və bu da qiymətlərin süni şəkildə artmasına səbəb olur. Nəticədə real təklif-tələb balansından daha çox gözləntilər bazara istiqamət verir. Bu isə qısa müddətdə kəskin, lakin bəzən davamlı olmayan bahalaşma riski yaradır. Digər tərəfdən, ABŞ və müttəfiqlərinin strateji neft ehtiyatlarından istifadə etməsi, həmçinin alternativ marşrutların işə salınması qiymət artımını müəyyən qədər cilovlaya bilər. Amma bu tədbirlər adətən qısamüddətli təsir göstərir və bazarda psixoloji gərginliyi tam aradan qaldırmır.Qiymətlərin nə vaxta qədər bahalaşacağı isə birbaşa münaqişənin miqyasından və müddətindən asılıdır. Əgər gərginlik lokal səviyyədə qalsa, bazar bir neçə həftə və ya ay ərzində sabitləşə bilər. Lakin genişmiqyaslı müharibə ssenarisi baş verərsə, neft qiymətlərində uzunmüddətli və kəskin artımı qaçılmaz olacaq.Reallıq odur ki, hazırkı şəraitdə neft bazarı daha çox siyasi qərarların təsiri altındadır. Bu isə qiymətlərin proqnozlaşdırılmasını çətinləşdirir və investorlar üçün riskləri artırır. Nazim Hüseynzadə / Metbuat.az