RU

Bayağı verilişlər, səriştəsiz aparıcılar efirdən çıxır – Bəs gələcəyin televiziyası necə olacaq?

Xoşqədəm Hidayətqızı, Zaur Kamal və Zaur Baxışəliyev kimi tanınmış simaların proqramlarının bağlanması televiziya məkanında ciddi dəyişikliklərin başladığını göstərir. Bu hadisə ənənəvi medianın artıq əvvəlki təsir gücünü itirdiyini və sosial şəbəkələrin sürətli yüksəlişi fonunda yeni çağırışlarla üz-üzə qaldığını bir daha ortaya qoyur.

İndi əsas sual budur: gələcəyin televiziyası necə olacaq və rəqəmsal platformalarla rəqabətdə ayaqda qalmaq üçün hansı strategiyanı seçməlidir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən media eksperti Səbuhi Abbasov bildirib:

Səbuhi

“Son dönəmlərdə Azərbaycan televiziya məkanında çox önəmli və strateji islahatlar aparılır. İslahatların aparılması bugünün tələbidir. Eyni zamanda cəmiyyətin, xüsusən də gənc nəslin sağlam təfəkkürdə böyüməsinə hesablanmış bir addımdır”.

Ekspertin sözlərinə görə, artıq televiziya dönəmindəki keçid mərhələsini geridə qoymuşuq. Cəmiyyətin tamamilə yeni konsepsiyada təchiz olunmuş bir televiziyaya ehtiyacı var. Çünki son 15 ildə sosial media üzərindən vizual və canlı efirlərin funksionallığının artması, televiziyaları arxa plana keçirməyə başlamışdı.

“Ayaqlaşmaq və böyük auditoriya toplamaq üçün televiziyalar adekvat yox, asan yolla müəyyən reklam gəliri əldə etmək strategiyasına üz tutmuşdular. Bu da doğru deyildi. Çünki cəmiyyətin fundamental mənəvi dəyərlərinin qorunması ilə bağlı ciddi laxlamalar əmələ gəldi. Və bu laxlamalar efirlərin bayağı mövzular və müzakirələrin təbliğatına yol açdı”, — Səbuhi Abbasov əlavə edib.

Media eksperti onu da qeyd edib ki, cəmiyyətə bir müddət televiziya nə aşılayırsa, izləyicilər də ona öyrəşməyə başlayır. Banal mövzuları gündəmə gətirmək vətəndaşları deqradasiyaya aparır.

Bu addımın vaxtında atıldığını vurğulayan Səbuhi Abbasov deyib:

“Verilişi bağlanan aparıcılar kifayət qədər istedadlıdır. Onlar bu gün gedən islahatlara adekvat şəkildə, yeni tələblərə uyğun proqramlar tərtib edə biləcəklər”.

Sosial şəbəkələrlə ayaqlaşmaq məsələsinə də toxunan ekspert sonda qeyd edib:

“Bir müddət ekranlara çıxıb özünü reklam etmək istəyən iş adamları, şirkətlər, həkim və s. – onlar sosial şəbəkələrin vizual alətlərindən istifadə etməyə başlayırdılar. Bu da televiziyaların laxlamasına çox ciddi təsir göstərirdi. Hesab edirəm ki, televiziyalar sosial şəbəkələrin alətlərindən peşəkarlıqla istifadə etsələr, bu prosesdə daha çox uğur əldə edəcəklər. Biz bu keçid dönəmini aşmalıyıq. Televiziya cəmiyyətin aynasıdır. Gənclərin psixologiyasının formalaşmasına böyük təsir göstərir. Bizim üçün əsas dövlət maraqları və xalqımızın dəyərlərinin qorunmasıdır”.

Dəniz Pənahova
KONKRET.az

Избранный
18
konkret.az

1Источники