RU

Nuriyev: İranla müharibə yorucu formatda davam edəcək

ain.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“İranda hələ Səlcuqlar dövründən formalaşmış əvəzləmə sistemi mövcuddur. Vəzifədə olan bir şəxsin 3, bəzən 4 əvəzləyicisi olur. Həmin şəxsin başına bir iş gəldikdə, növbəsi çatan şəxs onu əvəz edir. Bu baxımdan dünən öldürülən Əli Laricanini də kimsə əvəz edəcək. Məsələn, əgər onu Cəlili əvəzləsə, bu daha pis variantdır, çünki o, daha mühafizəkar mövqedədir. Yəni ABŞ və İsrailin birgə fəaliyyəti nəticəsində İranda nə qədər yüksək vəzifəli şəxs öldürülsə, onun yerinə daha mühafizəkar biri gələcək”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında professor Cümşüd Nuriyev İran Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin ABŞ-İsrail əməkdaşlığı nəticəsində öldürülməsi ilə bağlı danışarkən deyib.

Professor bildirib ki, Əli Laricaninin qızı ABŞ-da həkimdir və elmlər doktorudur:

“Bu baxımdan ailənin Qərblə müəyyən əlaqələri var idi. Həm də İranda bir-iki yüksək vəzifəli şəxsin öldürülməsi ilə məsələ həll olunmur. Dövlətdə əsas rolu sistemi idarə edən kadrlar oynayır”.

Cümşüd Nuriyevin fikrincə, hadisələr göstərir ki, Donald Tramp və Benyamin Netanyahu dövlət idarəçiliyi məsələsində o qədər də peşəkar deyillər:

“Tramp biznesmendir və tez-tez bir-birinə zidd fikirlər səsləndirir. Netanyahu isə daha çox siyasi manipulyator kimi qiymətləndirilir. Odur ki, bu cür davam edərsə, İranda ciddi dəyişiklik baş verməyəcək”.

Nuriyev ehtimal edir ki, Ramazan bayramından sonra İranın hücumları daha da güclənə bilər:

“Hazırda orucluq ayıdır. Bir neçə gündən sonra Ramazan başa çatacaq. İran bayramın bitməsini gözləyir, çünki dini amillər onlar üçün önəmlidir və bayram günlərində qan tökülməsi müsbət qarşılanmır. Bayramdan sonra İsrailə və bölgədəki ABŞ bazalarına daha sərt hücumlar ola bilər. Nəzərə almaq lazımdır ki, İranın 90 milyona yaxın əhalisi var və indiyədək təxminən 2 min insan həyatını itirib. Hər ölüm faciədir, lakin belə böyük müharibələr üçün bu rəqəm yüksək sayılmır”.

Professorun fikrincə, ABŞ siyasi baxımdan uduzan tərəfdir:

“Müharibənin uzanması ABŞ-a baha başa gələcək. Artıq 19 gündür müharibə davam edir və bu, bir-iki ay da uzansa, ABŞ milyardlarla dollar itirəcək. Uzunmüddətli müharibə ABŞ üçün yorucudur. İranın isə bu sahədə təcrübəsi var. Məsələn, İran-İraq müharibəsi 8 il davam edib. Səddam Hüseynin ordusu demək olar ki, Həmədana qədər irəliləmişdi. Lakin İran onları geri çəkilməyə məcbur etdi və hətta İraq ərazisinə daxil oldu. Bu baxımdan uzunmüddətli müharibə İran üçün daha əlverişli görünür”.

Nuriyev qeyd edib ki, hazırda müharibədə nüvə silahının tətbiqi ilə bağlı iddialar səslənsə də, bu, ciddi yanaşma deyil:

“Nüvə silahı daha çox İrana qarşı təzyiq vasitəsi kimi istifadə olunur. Çünki belə bir silahın tətbiqi təkcə İranı deyil, bütün regionu - Türkiyə, Pakistan, İraq və digər ölkələri də ciddi təhlükə ilə üz-üzə qoya bilər. Əlbəttə, Netanyahu belə bir addım ata bilər, lakin ABŞ buna razı olmaz. Buna görə də müşahidələr göstərir ki, müharibə hazırkı gərgin və yorucu formatda davam edəcək”.

Nemət ORUCOV

Reyting.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
54
reyting.az

1Источники