RU

ABŞ-nin Terrorizmlə Mübarizə Mərkəzinin sabiq rəhbəri: İran nüvə silahı əldə etmək astanasında deyildi

ABŞ-nin Terrorizmlə Mübarizə Milli Mərkəzinin sabiq rəhbəri Cozef Kent bildirib ki, İran nüvə silahı yaratmağa yaxın olmayıb.
 
Moderator.az "Report"a istinadla xəbər verir ki, amerikalı jurnalist Taker Karlsonla söhbətində ABŞ Milli Kəşfiyyatı direktorunun aparatının sabiq rəsmisi vurğulayıb ki, Tehran nə ABŞ-nin genişmiqyaslı "Epik qəzəb" hərbi əməliyyatının başladığı vaxt, nə də 2025-ci ilin iyununda Amerika silahlı qüvvələrinin İslam Respublikasının nüvə obyektlərinə silsilə zərbələr endirməsindən əvvəl nüvə silahı əldə etmək astanasında olub.
 
O, İrana qarşı hərbi kampaniya ilə prinsipial olaraq razılaşmadığına görə nümayişkaranə şəkildə vəzifəsini tərk edib.
 
"Xeyr, üç həftə əvvəl hər şey başlayanda onlar bunun astanasında deyildilər. İyunda da deyildilər. İranlıların nüvə silahının işlənib hazırlanmasını qadağan edən dini hökmü - fətvası var", - Kent bildirib.
 
Sabiq rəsmi həmçinin vurğulayıb ki, Vaşinqton İsrailə təsir göstərə və nəticədə ABŞ-nin Yaxın Şərqdəki münaqişəyə sürüklənməsinə səbəb olan İrana qarşı hücumun qarşısını ala bilərdi.
 
"Bu vəziyyətdə məhz İsrail [hərbi əməliyyatın] keçirilməsi qərarının hərəkətverici qüvvəsi oldu ki, bu da, anladığımız kimi, hadisələr zəncirinə, yəni İranın cavab verməsinə səbəb olacaqdı. Düşünürəm ki, bizim bir neçə mümkün fəaliyyət variantımız var idi. Biz İsrailə sadəcə deyə bilərdik: "Xeyr, siz bunu etməyəcəksiniz, əgər etsəniz, onda biz sizi bəzi şeylərdən məhrum edəcəyik". Hesab edirəm ki, bizim İsrailin müdafiəsini təmin etməyimiz normaldır, lakin əgər biz bu müdafiə üçün vasitələr təqdim ediriksə, o zaman hücumun başlanma vaxtı ilə bağlı onlara şərtləri diktə etmək hüququna malikik", - o bildirib.
 
Daha əvvəl "Semafor" portalının jurnalisti Şelbi Telkot mənbələrə istinadən xəbər yaymışdı ki, Federal Təhqiqatlar Bürosu (FTB) Co Kentə qarşı təhqiqata başlayıb.
 
"Məxfi məlumatların ehtimal olunan sızması ilə əlaqədar FTB tərəfindən Co Kentə qarşı təhqiqat aparılır", - o, "X" sosial şəbəkəsində yazıb.
 
Избранный
67
34
moderator.az

10Источники