RU

Tramp İsrailin qaz yatağına zərbəsindən xəbərsiz olduğunu deyir İrana xəbərdarlıq edib

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Tramp İranla bağlı sərt bəyanatla çıxış edib. O bildirib ki, Tehran Qatar ərazisinə hücumlarını davam etdirəcəyi təqdirdə, ABŞ İranın ən böyük enerji obyektlərindən biri olan Cənubi Pars yatağını tamamilə məhv edə bilər.

Tramp sosial şəbəkədə paylaşdığı açıqlamada qeyd edib ki, İran “ağılsız qərar” verərək Qatarı hədəfə alarsa, ABŞ bu qaz yatağını “indiyədək görünməmiş güclə” vuracaq. O vurğulayıb ki, Vaşinqton belə dağıdıcı addım atmaq istəmir, lakin Qatarın maye qaz (LNG) obyektlərinə hücumlar təkrarlanarsa, tərəddüd etməyəcək.

ABŞ Prezidenti əlavə edib ki, sözügedən yatağa daha əvvəl İsrail tərəfindən zərbə endirilib. Onun sözlərinə görə, bu hücum məhdud xarakter daşıyıb və ABŞ-la yanaşı, Qatar da əvvəlcədən məlumatlandırılmayıb. Tramp iddia edib ki, İran bu hadisəni yanlış qiymətləndirərək cavab olaraq Qatarın enerji infrastrukturunu hədəfə alıb.

Məlumata görə, martın 18-də İsrailin İranın cənubunda, xüsusilə Əsəluyə bölgəsində yerləşən enerji obyektlərinə zərbələr endirdiyi bildirilir. Nəticədə iki neft-qaz emalı zavodunun fəaliyyəti dayandırılıb. Bu müəssisələrin ümumi istehsal gücünün gündəlik təxminən 100 milyon kubmetr olduğu qeyd olunur.

Buna cavab olaraq İran Silahlı Qüvvələri Qatarın əsas sənaye mərkəzlərindən biri olan Rəs Laffan şəhərinə raket zərbələri endirib. Hücum nəticəsində ölkənin əsas LNG infrastrukturlarında, o cümlədən QatarEnergy şirkətinə məxsus obyektlərdə yanğınlar baş verib. Bir neçə saat sonra İran həmin əraziyə yenidən ballistik raketlərlə zərbə endirib.

Qatar Xarici İşlər Nazirliyi isə yaydığı bəyanatda İranın region ölkələrinə qarşı hücumlarını “beynəlxalq hüququn kobud şəkildə pozulması” kimi qiymətləndirib. Rəsmi Doha bu addımların qlobal enerji təhlükəsizliyi üçün ciddi təhdid yaratdığını bildirib və vəziyyətin deeskalasiyasına çağırış edib.

Qeyd edək ki, baş verən son hadisələr Yaxın Şərqdə gərginliyin daha da artdığını və enerji infrastrukturunun birbaşa hədəfə çevrildiyini göstərir. Bu isə regionda daha genişmiqyaslı qarşıdurma riskini artırır.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
18
azpolitika.info

1Источники