RU

Bulaq başında su dolduran kişinin arvadına sataşdı, dava düşdü Çox gözləməliyəm?

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Füzuli rayonunda 1979-cu il təvəllüdlü Yalçın Alıyev həmyerlisi Ceyhun Əsgərova xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyulun 29-da rayonunun Alıxanlı kəndi ərazisində yerləşən “Şıxəli bulağı” adlanan ailəvi istirahət mərkəzinin həyətində baş verib. Yalçın həmin gün saat 20 radələrində sərxoş vəziyyətdə istirahət mərkəzinin həyətində yerləşən bulaqdan su götürən Ceyhunu görüb və ona yaxınlaşaraq “Səni çox gözləməliyəm?” sözlərini deyib. Sonra Ceyhunun arvadı “Bu sənin nəyindir?” sözlərini deməsinə görə orada aralarında mübahisə yaranıb. Mübahisə zamanı Yalçın Ceyhunun ünvanına nalayiq söyüşlər söyüb, üzərinə hücum edib. Yumruqla bir zərbə vuraraq onu yerə yıxıb və yerdə də bədənin müxtəlif nahiyələrinə zərbələr vurub. 

Yalçının barəsində Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Yalçın ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Ceyhunu əvvəllər tanımayıb: “Böyük qardaşım Kazım iyulun 29-da Bakı şəhərindən bizə qonaq gəldi. Günorta saatlarında qardaşlarım Kazım və Ələsgərlə nahar zamanı spirtli içki qəbul etdik. Sonra saat 19 radələrində yaşadığımız kənddə yerləşən “Şıxəli bulağı” adlı ailəvi istirahət mərkəzinə gedərək pivə içib sərinləmək və bulaqdan su götürmək qərarına gəldik. Oğlum Tunarı da özümüzlə ora apardıq. Mən yola çıxmamışdan əvvəl özüm ilə bir ədəd 20 litrlik kapron su qabı götürdüm. Taksi ilə “Şıxəli bulağı” adlanan ailəvi istirahət mərkəzinə getdik, orada pivə içdik. Mən gətirdiyim su qabını götürərək oğlumla bulağa tərəf getdik. Orada bir nəfər cavan oğlanın bulaqdan su doldurduğunu və yanında bir nəfər qadın olduğunu gördüm. Qabımı bulağın yanında qoyaraq siqaret yandırdım və azyaşlı oğlumla oradan bir az aralandıq”.Təqsirləndirilən şəxs qeyd edib ki, təxminən yarım saat sonra yenidən bulağın yanına qayıtdıqda sonradan adının Ceyhun olduğunu öyrəndiyi cavan oğlanın yenə də bulaqdan qabına su doldurduğunu görüb:“Mən Ceyhuna “Əmi oğlu gec olar?” sözlərini dedim. O, da “get işinlə məşğul ol” sözlərini işlətdi. Mən isə işimin adın bu olduğunu söylədim. Sonra qadından “Bu, sənin nəyindir?” deyə soruşdum. Bundan sonra aramızda mübahisələri yarandı. Ceyhun yumruqla ağzımın üstünə bir dəfə zərbə vurdu. Mən də yumruqla onu vurdum və bir-birimizdən yapışaraq yerə yıxıldıq. Bizi bir-birimizdən orada olan tanımadığım adamlar araladı. Xəsarətlər almışam və dodağım qanayıb. Mən ayağa durduqdan sonra tanımadığım xeyli müştərilər narahat olaraq istirahət mərkəzində ətrafımızda toplaşdılar. Ceyhundan məni vurmasının səbəbini soruşdum. Bu vaxt qardaşım Kazım da yanıma gəldi, dodağımın qanadığını və üstümün qanlı vəziyyətdə olduğunu gördü. Orada olan adamlardan məni vuran adamı görüb-görmədiklərini soruşdu. Həmin şəxslərdən birinin qardaşım Kazımı itələməsinə görə ayağı çalaya düşərək büdrəyərək yerə yıxıldı. Kazım ayağa qalxdıqda başının qanadığını və burunun üstünün sivrildiyini gördüm”. Yalçının sözlərinə görə, istirahət mərkəzinin həyətində oturan müştərilərin hamısı narahat olaraq oturduqları yerdən qalxıb və onların yanına gəlib: “Bunu görən digər qardaşım Ələsgər Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə məlumat verdi. Biz istirahət mərkəzindən getmək istəyən avtomobillərin qabağında dayanaraq sürücülərdən polis gələnədək gözləmələrini, bizi  döyən şəxsləri müəyyən edildikdən sonra gedə biləcəklərini dedik. Biz avtomobillərin qarşısını kəsərkən əllərimizdə daş və ağac parçaları olmayıb. Bir neçə dəqiqə sonra gələn həkim briqadası yaralı vəziyyətdə olan qardaşım Kazımı avtomobilə mindirərək apardılar. Təxminən 20 dəqiqə sonra Füzuli rayon Polis şöbəsinə məxsus avtomobillə gələn polis əməkdaşları bizdən post patrul avtomobilinə minməyimizi tələb etdilər. Əvvəllərdən tanıdığım polis əməkdaşı Elməddindən azyaşlı oğlum Tunarı evimizə aparmasını xahiş etdim. Sonra polis əməkdaşlarının tələbi ilə qardaşım Ələsgər sonradan adının Məhəmmədəli olduğunu öyrəndiyi yaşlı kişi, onun oğlu Emin və onları qohumları Zəka ilə polis avtomobilinə mindi. Polis əməkdaşları bizi Füzuli Rayon Mərkəzi Xəstəxanasına apardı. Orada sərxoşluq vəziyyətlərimiz yoxlanıldı. Sonra məni polis şöbəsinə gətirdilər”. Zərərçəkmiş Ceyhun Əsgərov ifadəsində göstərib ki, iyulun 29-da anası Cəlalə ona nənəsi Rüzgarın doğum günü olduğunu, onun doğum gününü Füzuli rayonu, Alıxanlı kəndində yerləşən “Şıxəli bulağı” adlı ailəvi istirahət mərkəzində keçiriləcəyini deyib: “Mən həmin gün saat 17 radələrində idarə etdiyi avtomobillə anam Cəlalə, arvadım Jalə və körpə uşağı Nilayla Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndinin ərazisində yaşayan babam Məhəmmədəligilə getdik. Dayım Elşad kəsdiyi bir baş quzunu avtomobilimin yük yerinə qoydu, tərəvəz və ərzaqları isə digər dayım Eminə məxsus avtomobilə yığdıq. Dayım Emin idarə etdiyi avtomobillə arvadım Gülmirəni, qızım Səmanı və nənəm Rüzgarı apardıqdan sonra mən də onun avtomobilinin arxasınca istirahət mərkəzinə getdik. Bir neçə dəqiqə sonra babam Məhəmmədəli, bacım Roza, yeznəm Nuğay, onların oğlu Zəkada istirahət mərkəzinə gələrək eyni stolda əyləşdik, yeyib içməyə başlayaraq canlı musiqiyə qulaq asdıq. Mən saat təxminən 20 radələrində arvadımla birlikdə stoldan durduq və istirahət mərkəzinin həyətində saxladığım avtomobilindən boş su qablarını götürdük. Sonra qaba bulaqdan su doldurarkən sonradan rayonun Alıxanlı kənd sakini olduğunu və adının Yalçın olduğunu öyrəndiyim şəxs bulağa yaxınlaşdı, mənə “Səni çox gözləməliyəm?” sözlərini dedi. Yalçının sərxoş vəziyyətdə olduğunu hiss etdiyimdən ona əhəmiyyət vermədim və qaba su doldurmaqda davam etdim”. Zərərçəkmiş qeyd edib ki, daha sonra Yalçın onun arvadı Jaləyə “Bu sənin nəyindi?” sözlərini deyib: “Jalə Yalçına getməsini desə də, o, getmədi. Yalçının arvadımla belə bir sual verməsini arvadıma sataşması kimi qəbul etdim. Bu zəmində aramızda sözlə mübahisələrimiz yarandı. Mən yumruqla Yalçının sifət nahiyəsinə bir dəfə zərbə vurdum. Yalçın isə məni yerə yıxdı, boğaraq yumruqla alın və bədənimin digər nahiyələrinə zərbələr vurdu. Həmin vaxt başım zərblə yerə dəydiyindən özümdən getdim. Bir neçə dəqiqə sonra özümə gəldikdə tanımadığım bir neçə nəfərin məni yıxıldığım yerdən qaldırdığını gördüm”.Füzuli Rayon Məhkəməsinin hökmü ilə Yalçın Alıyevin barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1 və 1.16-cı bəndləri tətbiq edilib, Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə və cinayət işinin icraatına xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv edilib.Fariz Məlikli

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
65
demokrat.az

1Источники