RU

İranın parlament sədrinə sui-qəsd...

Tehran atəşkəsə razı deyil

Yaxın Şərqdə döyüşlər davam edir. Fevralın sonundan başlayan hərbi əməliyyatlar nəticəsində İranın Ali Lideri Əli Xamenei də daxil olmaqla bir çox dövlət rəsmiləri və hərbi struktur rəhbərləri həyatını itirib. Ölənlər arasında Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, Müdafiə Şurasının katibi Əli Şamxani, SEPAH quru qoşunlarının komandanı Məhəmməd Pakpur, İran Ordusunun Baş Qərargah rəisi Əbdülrəhim Musəvi, müdafiə nazirləri Əziz Nəsirzadə, Məcid İbn-e-Rza və başqa tanınmış simalar yer alır. Bu arada İran rəsmi mənbələri hərbləşdirilmiş “Bəsic” qüvvələrinin komandanı, general-mayor Qulamrza Süleymaninin də öldüyünü təsdiqləyib. O, ABŞ və İsrailin həyata keçirdiyi hava zərbələri zamanı ölüb. “Bəsic” qüvvələri İran daxilində əsasən daxili təhlükəsizlik, etirazların yatırılması və ideoloji nəzarət funksiyalarını yerinə yetirən struktur kimi tanınır. Süleymani son illərdə bu qüvvələrin rəhbəri kimi ölkədaxili proseslərdə mühüm rol oynayıb.

Müctəba Xamenei: Layiqli cavab veriləcək

İranin yeni Ali Rəhbəri Müctəba Xamenei isə ölkədəki hərbi gərginliyi azaltmaq məqsədilə ABŞ-dan gələn atəşkəs təklifini qəti şəkildə geri çevirib. “Reuters” agentliyinin iki vasitəçi tərəfindən ötürülən məlumata istinadən yaydığı xəbərə görə, Tehran Vaşinqtonun münaqişəni dayandırmaq cəhdlərinə “yox” cavabını verib. Mənbələr bildirir ki, Müctəba Xameneinin vəzifəyə gəldikdən sonra keçirdiyi ilk yüksək səviyyəli hərbi müşavirədə ABŞ və İsrailə qarşı qisas məsələsində mövqeyi çox sərt və ciddi olub. Yeni lider diplomatik yollarla gərginliyi azaltmaq əvəzinə, atasına qarşı həyata keçirilən sui-qəsdə və ölkənin hərbi infrastrukturuna vurulan zərbələrə görə “layiqli cavab” verilməsinin tərəfdarı olduğunu nümayiş etdirib. Agentlik yazır ki, Müctəbanın bu qətiyyətli imtinası regionda hərbi əməliyyatların daha da genişlənəcəyindən və İranın yaxın günlərdə yeni raket zərbələri endirə biləcəyindən xəbər verir.

Təl-Əvivə raket zərbələri

İran eyni vaxtda bir neçə istiqamətdə raket hücumları təşkil edib. Buraxılan kaset başlıqlı raketlər İsrailin Təl-Əviv şəhərində irimiqyaslı dağıntılara səbəb olub. Şəhərdə bir çox infrastruktur obyektləri zədələnib və ya sıradan çıxıb. Yaşayış binalarının bir hissəsi alov içində qalıb, avtomobillər yanıb, şəhərin müxtəlif nöqtələrində dağıntılar müşahidə olunub. Şahidlərin sözlərinə görə, raketlər havada parçalanaraq onlarla döyüş elementinə bölünüb və geniş ərazini eyni anda vurub. Bu isə şəhərdə “alov yağışı” effekti yaradıb. Raket zərbələri nəticəsində İsrail paytaxtında dəmriyol stansiyası dağılıb. Dağıntıların görüntülərini İsrailin dövlət televiziyası Kan yayıb. Televiziyanın məlumatına görə, qatar stansiyasının ərazisində “ciddi ziyan” var. Kan stansiyanın və qatarlardan birinin dağıdılmasını göstərən fotoşəkil dərc edib. Bundan əlavə, Kan bildirir ki, Təl-Əviv yaxınlığındakı bir neçə başqa əraziyə düşən raket qalıqları nəticəsində ciddi ziyan qeydə alınıb.

Eyni zamanda, İran Dubaya doğru da ardıcıl ballistik raket hücumları həyata keçirib. Şəhərin səmasında onlarla alov topu və hava hücumundan müdafiə sistemlərinin partlayışları müşahidə olunub.

“Buşəhr” həyəcanı - MAQATE müraciət etdi

İranın Buşəhrdəki nüvə elektrik stansiyasına endirilən zərbə barədə MAQATE məlumatlandırılıb. Məlumat MAQATE-nin “X” hesabında açıqlanıb: “İran çərşənbə axşamı Buşəhr nüvə elektrik stansiyası ərazisinə mərmi düşdüyünü MAQATE-yə bildirib. Stansiyaya dəyən ziyan və ya personal arasında itki barədə heç bir məlumat verilməyib. Baş direktor Rafael Qrossi nüvə qəzası riskinin qarşısını almaq üçün münaqişə zamanı maksimum təmkinli olmağa çağırışını təkrarlayır”.

“Xürrəmşəhr” ballistik raket bunkeri məhv edildi

ABŞ ordusu isə Hörmüz boğazı yaxınlığındakı İran raket bazalarına qarşı bir neçə dəfə ağır mərmilərlə zərbələr endirib. ABŞ Mərkəzi Komandanlığının açıqlamasına istinadən xəbər verir ki, məqsəd İranın Hörmüz boğazından keçən gəmilərə zərbələr endirmək imkanlarını məhv etməkdir: “ ABŞ qüvvələri Hörmüz boğazı yaxınlığındakı İran sahillərində möhkəmləndirilmiş İran raket bazalarına qarşı çoxsaylı 5000 funtluq  yüksək nüfuzetmə qabiliyyətli mərmilərlə uğurlu zərbələr endiriblər”.

Məlumata görə, yeraltı anbarda saxlanılan 200-dən çox “Xürrəmşəhr” ballistik raketi bunker dağıdan bombalarla məhv edilib. ABŞ ordusunun məlumatına görə, bölgədəki İran raketləri beynəlxalq gəmiçilik üçün təhlükə yaradır.

Əraqçi atəşkəsin şərtini açıqladı...

İranın xarici işlər naziri Abbas Əraqçi “Əl-Cəzirə” telekanalına verdiyi müsahibədə Əli Laricaninin öldürülməsini şərh edib. O, baş verənlərin İran hakimiyyətinin sabitliyinə təsir etməyəcəyini bildirib. Onun sözlərinə görə, ABŞ və İsrail İslam Respublikasının dayanıqlı institutlara söykənən güclü bir siyasi sistemə malik olduğunu “hələ də dərk etməyiblər”.

Əraqçi vurğulayıb ki, ayrı-ayrı şəxslərin rolu həlledici deyil: “Hər hansı bir şəxsin varlığı və ya yoxluğu bu struktura təsir göstərmir”. Nazir qeyd edib ki, şəxsiyyətlər önəmli olsa da, əsas amil sistemin özünün möhkəmliyidir.

Əraqçi atəşkəs məsələsinə də münasibət bildirib. O deyib ki, İran vasitəçilərin müharibəyə son qoymaq üçün təkliflərini dinləməyə hazırdır. Əraqçi əlavə edib ki, Tehran öz mövqeyini “dostlarına” çatdırıb: “Tehran vasitəçilərin müharibəyə son qoymaq üçün təkliflərinə İranın zərərlərinə görə kompensasiya ödənilməsini nəzərdə tutarsa, onları dinləməyə hazırdır. Bizimlə dost olan bir çox ölkələr təkliflər irəli sürüblər və sülhün əldə edilməsində rol oynamağa hazır olduqlarını bildiriblər. Şərtlərimizə müsbət cavab verilcəyi təqdirdə və İranın çəkdiyi zərər ödənilərsə, biz bu təklifləri dinləməyə hazırıq.”

O qeyd edib ki, hazırkı şəraitdə və şərtlərlə İran atəşkəslə razı deyil.

Qalibaf hədəfdə

Bu arada İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf da hədəfə alınıb. Yayılan məlumatlara görə, İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf Tehrandakı Zəfərəniyə rayonunda sui-qəsd cəhdinin hədəfi olub.

Ər-Riyada hücum olub...

Səudiyyə Ərəbistanı Ər-Riyad bölgəsi üzərində bir PUA-nın məhv edildiyini açıqlayıb. Ölkənin Müdafiə Nazirliyi də Şərqiyyə əyalətində bir dronun tutulduğunu bildirib. “X”də dərc olunan açıqlamada deyilir: “Ər-Riyad bölgəsində bir dronun tutulması və məhv edilməsi.”

Nazirlik həmçinin Səudiyyə Ərəbistanı paytaxtındakı diplomatik korpusun binasına yaxınlaşan iki dronun zərərsizləşdirildiyini də vurğulayıb.

Laricanini kim əvəz edəcək?

İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürülməsindən sonra bu posta əsas namizədin adı açıqlanıb. Məlumata görə, strateji vəzifəni hökumətdəki “sərt xətt” tərəfdarlarının nümayəndəsi, hazırda Məsləhət Şurasının üzvü olan Səid Cəlili tuta bilər. Səid Cəlili 2007-2013-cü illərdə bu vəzifədə çalışıb. Həmin dövrdə Cəlili həm də İranın nüvə proqramı üzrə əsas danışıqlar üzrə nümayəndəsi statusunu daşıyıb. Ekspertlər onun mümkün təyinatını Tehranın xarici siyasətdə daha radikal mövqe sərgiləyəcəyinin göstəricisi kimi qiymətləndirirlər.

Beyrut atəşə tutuldu

İsrail Müdafiə Ordusu (İDF) Livanın paytaxtı Beyrutun mərkəzinə çox yaxın məsafədə yerləşən Başura məhəlləsində bütöv bir binanı tamamilə dağıdıb. Qeyd edək ki, sözügedən rayon ötən həftə də atəşə tutulmuşdu. Zərbədən öncə İDF sosial şəbəkələrdə xəbərdarlıq yayaraq konkret binanı nişan göstərib və həmin obyekti “Hizbullah”ın infrastrukturu adlandırıb.

Hörmüz açıla bilər...

İran tərəfi isə Hörmüzlə bağlı mövqeyini növbəti dəfə ortaya qoyub. Bildirilib ki, Hörmüz boğazı yalnız atəşkəs əldə olunduqdan və Tehranın irəli sürdüyü şərtlər yerinə yetirildikdən sonra naviqasiya üçün açıla bilər. “Financial Times” nəşrinin yazdığına görə, boğazın hərbi yolla blokadadan çıxarılması coğrafi şəraitə görə həddindən artıq mürəkkəbdir. Belə ki, İran tərəfi demək olar ki, heç bir xəbərdarlıq etmədən gəmilərə zərbə endirmək imkanına malikdir. Ticarət gəmilərinin hərbi müşayiəti variantı nəzərdən keçirilsə də, Beynəlxalq Dəniz Təşkilatının rəhbəri Arsenio Dominqes bunun riski tam aradan qaldırmadığını, sadəcə azaltdığını bildirib. O, həmçinin blokadada qalan gəmilərdə su, yanacaq və ərzaq qıtlığı kimi humanitar fəsadların yarana biləcəyi barədə xəbərdarlıq edib.

Əbu Labda öldürüldü...

İsrail Müdafiə Qüvvələri (İMQ) HƏMAS-ın təchizat və logistika şöbəsinin komandiri Yəhya Əbu Labdanı öldürdüyünü açıqlayıb. Bəyanatda deyilir: “İMQ HƏMAS-ın hərbi qanadı üçün hərbi texnika və silahların tədarükü və daşınmasından məsul olan HƏMAS-ın təchizat və logistika şöbəsinin komandiri Yəhya Əbu Labdanı öldürdü”.

İsrail ordusunun məlumatına görə, “Əbu Labda raket istehsalı üçün onlarla ton xammal çatdırıb” və həmçinin qruplaşmanın istehsal imkanlarını inkişaf etdirmək üçün qabaqcıl elektron komponentlər almasını təmin edib.

P.İSMAYILOV

Избранный
57
50
yeniazerbaycan.com

10Источники