Ermənistan və BƏƏ yığmaları arasındakı yoldaşlıq görüşü ləğv edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan Futbol Federasiyası rəsmi məlumat yayıb.
Federasiyanın yaydığı bəyanatda bildirilir ki, martın 26-na planlaşdırılan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Ermənistan milli komandaları arasındakı yoldaşlıq oyunu baş tutmayacaq.
Görüşün ləğv edilməsinə səbəb kimi Yaxın Şərqdə yaranmış gərgin və qeyri-sabit vəziyyət göstərilib.
Bununla belə, martın 29-da İrəvandakı Vazgen Sarkisyan adına Respublika stadionunda keçirilməsi nəzərdə tutulan Ermənistan-Belarus matçı qüvvədə saxlanılıb.
Həmin oyunun bilet satışı və media akkreditasiyası prosesinə martın 19-da start verilir.
Federasiya həmçinin milli komandaya dəvət olunan futbolçuların siyahısını yaxın saatlarda açıqlayacağını bəyan edib.
Xuraman Etibarlı
İnterpress.az