RU

Kanat yolunda FACİƏ: Kabin 2000 metr yüksəklikdən DÜŞDÜ – VİDEO

İsveçrədə kanat kabini qoparaq yamaca yuvarlanıb, bir qadın ölüb.

İnterpress.az xəbər verir ki, bu barədə İsveçrənin “Blick” nəşri məlumat yayıb.

İsveçrənin mərkəzində yerləşən populyar Engelberq-Titlis dağ-xizək kurortunda faciəvi hadisə baş verib.

“Titlis Xpress” kanat yolunun kabinlərinən biri hərəkətdə olarkən qəfil trosdan qoparaq yüksəklikdən qarlı yamaca düşüb və bir neçə dəfə çevrilərək aşağı yuvarlanıb.

Qəza zamanı 8 nəfərlik kabində yalnız bir sərnişin — region sakini olan 61 yaşlı qadın olub.

Hadisə yerinə dərhal xilasedicilər və “Rega” xidmətinin helikopterləri cəlb edilsə də, ağır xəsarətlər alan qadının həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumatlara görə, hadisəyə səbəb bölgədə əsən güclü külək ola bilər. Belə ki, qəza anında küləyin sürətinin saatda 80-100 kilometrə çatdığı qeydə alınıb.

Şirkət rəhbərliyi kanat yolunun texniki cəhətdən saz vəziyyətdə olduğunu və sonuncu dəfə 2025-ci ilin sentyabrında əsaslı təmirdən keçdiyini bildirib.

Hadisə ilə bağlı genişmiqyaslı araşdırma başladılıb, digər kabinlərdə qalan 200-ə yaxın sərnişin isə təhlükəsiz şəkildə təxliyə edilib.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
12
interpress.az

1Источники