RU

BDU da Azərbaycan Koreya Kompüter Elmləri Mərkəzi istifadəyə verilib

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 19 mart, AZƏRTAC

Martın 19-da Bakı Dövlət Universitetində (BDU) Azərbaycan-Koreya Kompüter Elmləri Mərkəzinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər ki, Mərkəz BDU və Koreya Respublikasının Azərbaycandakı Səfirliyinin dəstəyi ilə yenidən qurulub. Burada informasiya texnologiyaları, süni intellekt və kibertəhlükəsizlik sahələrində tədris və tədqiqat fəaliyyətinin gücləndirilməsi nəzərdə tutulur. Mərkəzin yeni konsepsiya ilə istifadəyə verilməsi Prezidentin İlham Əliyevin 2026-cı il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı”nda ali təhsil müəssisələri qarşısında müəyyən olunan vəzifələrə uyğun olaraq həyata keçirilib. Bu təşəbbüs ali təhsil müəssisələrində rəqəmsal bacarıqların inkişafı, süni intellekt və kibertəhlükəsizlik sahələrində ixtisaslaşmış kadr hazırlığının gücləndirilməsi, elmi-tədqiqat və innovasiya fəaliyyətinin genişləndirilməsinə xidmət edir. Yenilənmiş mərkəzin əsas məqsədi müasir texnoloji çağırışlara cavab verən yüksəkixtisaslı mütəxəssislərin hazırlanması, tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla inteqrasiyası, innovativ tədqiqat mühitinin formalaşdırılması və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsidir. Eyni zamanda, Mərkəzin universitet-sənaye əməkdaşlığının inkişafına, tətbiqyönümlü layihələrin hazırlanmasına və tələbələrin real texnoloji problemlərin həllinə cəlb olunmasına töhfə verəcəyi vurğulanıb.

Mərkəzdə süni intellekt, kibertəhlükəsizlik və kriptoqrafiya istiqamətləri üzrə inteqrasiya olunmuş fəaliyyət mühiti yaradılıb. Burada maşın öyrənməsi, böyük verilənlərin analizi, ağıllı sistemlərin hazırlanması, informasiya sistemlərinin qorunması, şəbəkə təhlükəsizliyinin təmin edilməsi, kiberhücumların qarşısının alınması, eləcə də müasir şifrələmə texnologiyalarının tətbiqi ilə bağlı tədris və praktik imkanlar mövcuddur. Mərkəz müasir tələblərə uyğun əsaslı təmir olunub və qabaqcıl texnoloji avadanlıqlarla təchiz edilib. Burada kibertəhlükəsizlik üzrə ixtisaslaşmış “firewall” sistemləri, SIEM platforması, şəbəkə simulyatorları və virtual laboratoriya mühitləri qurulub. Tədris və tədqiqat prosesini dəstəkləmək məqsədilə virtualizasiya həlləri, analitik və təlim platformalarına çıxış imkanları yaradılıb, həmçinin məntiq analizatoru və digər xüsusi təyinatlı qurğular vasitəsilə praktiki və eksperimental fəaliyyət üçün geniş şərait formalaşdırılıb.

Açılış mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev Mərkəzin yenilənməsinin dövlətin ali təhsil sahəsində innovasiya və rəqəmsallaşma siyasətinə göstərdiyi dəstək və qayğının təzahürü olduğunu vurğulayıb. Rektor bildirib ki, Mərkəzdə kibertəhlükəsizlik, kriptoqrafiya və süni intellekt kimi üç mühüm istiqamət üzrə müasir dövrün çağırışlarına cavab verən kadrlar hazırlanacaq. Bu infrastruktur tələbələrin praktiki hazırlığını artıracaq, innovativ düşüncə tərzini inkişaf etdirəcək və onların beynəlxalq əmək bazarının tələblərinə uyğun kompetensiyalar qazanmasına imkan verəcək.

Koreya Respublikasının Azərbaycandakı səfiri Kımqu Kanq iki ölkə arasında təhsil və texnologiya sahələrində əməkdaşlığın uğurla inkişaf etdiyini və BDU-nun bu prosesdə mühüm rol oynadığını qeyd edib. O bildirib ki, BDU-da Azərbaycan-Koreya Kompüter Elmləri Mərkəzi iki dost ölkə arasında münasibətlərin inkişafının mühüm halqası ola bilər: “İstərdik ki, bu Mərkəzin istifadəçiləri Azərbaycanda informasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsinin güclənməsinə töhfə versinlər. Mərkəzdən istifadə edən tələbələrin Azərbaycan-Koreya əlaqələrinin inkişafında körpü olmalarını arzulayıram”.

Azərbaycan-Koreya Kompüter Elmləri Mərkəzi BDU-da rəqəmsal təhsil və tədqiqat mühitinin inkişafına, innovativ yanaşmaların tətbiqinə və tələbələrin qabaqcıl texnologiyalar sahəsində bilik və bacarıqlarının artırılmasına xidmət edən mühüm platformadır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
89
3
azertag.az

4Источники