Almaniyanın “Bayern” klubunun ingiltərəli hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında (ÇL) tarixi nailiyyətə imza atıb.
Arena.az xəbər verir ki, 32 yaşlı forvard buna turnirin 1/8 final mərhələsi çərçivəsində “Atalanta”ya qarşı keçirdikləri cavab oyununda (4:1, ümumi hesab – 10:2) dubl etməklə nail olub.
Matçın ilk hissəsində penaltini dəqiq yerinə yetirmiş Keyn fasilədən sonra özünün ikinci, turnirdə isə ümumilikdə 50-ci qolunu vurub. Bununla da o, qitənin bir nömrəli klub turnirində 50 qol həddinə çatmış ilk ingiltərəli futbolçu kimi tarixə düşüb.
Təcrübəli hücumçu 2023-cü ildə “Tottenhem”dən Münhen təmsilçisinə keçdikdən sonra “Bayern” forması ilə UEFA Çempionlar Liqasında çıxdığı 34 oyunda 28 dəfə fərqlənib. Baldır əzələsindəki zədədən yeni qayıtmış Keyn UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin son 4 oyununun hər birində qol vurmağı (cəmi 7 qol) bacarıb.
Harri Keyn 2025/2026-cı illər mövsümündə “Bayern”in heyətində keçirdiyi 39 rəsmi matçda 47 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
