RU

Elyasov: Türkmənistanda 2026-cı ildə Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

Türkmənistanda 2026-cı ildə Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

Bu barədə "Far.Az"a müsahibəsində Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmmət Elyasov bildirib.

"Mədəni-humanitar istiqamət də xeyli inkişaf edib. 2025-ci ilin oktyabrında Azərbaycanda mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi və iki ölkə xalqları arasında əlaqələrin genişləndirilməsi üçün mühüm platformaya çevrilən Türkmənistanın Mədəniyyət Günləri keçirilib. Həmçinin bu il Türkmənistanda Azərbaycanın Mədəniyyət Günlərinin keçirilməsi planlaşdırılır. Xalçaçılıq və atçılıq kimi ümumi mədəni dəyərlərin populyarlaşdırılmasına xüsusi diqqət yetirilir", - Q.Elyasov deyib.

Onun sözlərinə görə, Türkmənistanın "Qalkınış" milli atüstü oyunlar qrupu martın 30-dək Azərbaycanda qastrol səfərində olacaq:

"Hazırda Türkmənistanın beynəlxalq arenada geniş tanınan və Monte-Karlo Beynəlxalq Sirk Festivalının mükafatlarının sahibi olan "Qalkınış" milli atüstü oyunlar qrupu Azərbaycanda qastrol səfərindədir. Türkmən artistləri martın 30-dək müasir "Circus Sea Breeze" sirk kompleksinin arenasında öz çıxışları ilə tamaşaçıları sevindirəcəklər".

Səfir vurğulayıb ki, bu sahədə əməkdaşlığın inkişafı məqsədilə "Türkmən atları" dövlət birliyi ilə Azərbaycan Atçılıq Federasiyası arasında atçılıq idmanı və atçılıq sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsinə yönəlmiş Anlaşma Memorandumu da imzalanıb.

Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış ola bilərsiniz.

Избранный
59
far.az

1Источники