RU

Bəşəriyyəti necə xilas etməli? So­sial şə­bə­kə­də ya­zı­lan­lar

ain.az bildirir, 525.az portalına istinadən.

İbrahim Nəbioğlu, jurnalist:

- İranın başına gələnlər, bu görünməmiş müsibət mənə Henri Kissincerin məşhur sualını xatırlatdı:

"İran ölkədir, yoxsa bir dava?"

Orijinalı "Is Iran a nation or a cause?" kimi səslənən bu ifadə İranın klassik dövlətlərdən fərqli siyasi davranışını izah etmək üçün işlədilir. Kissincerin fikrincə, bəzi dövlətlər əsasən milli maraqların məntiqi ilə hərəkət edir, bəziləri isə özlərini müəyyən ideoloji və ya sivilizasiya missiyasının daşıyıcısı kimi görürlər.

Onun nəzərində İran, xüsusilə 1979-cu il İslam İnqilabından sonra, yalnız coğrafi sərhədləri olan bir dövlət kimi deyil, həm də müəyyən ideoloji layihənin - inqilabi siyasi-dini modelin - daşıyıcısı kimi davranmağa başlamışdır.

Başqa sözlə, bu sual İranın xarici siyasətinin bəzən klassik dövlət məntiqindən çox ideologiya və tarixi missiya anlayışı ilə formalaşdığını ifadə edən strateji müşahidədir. Elə buna görə də Kissincerin bu cümləsi beynəlxalq münasibətlər və geosiyasət müzakirələrində tez-tez xatırlanan və sitat gətirilən fikirlərdən biri sayılır.

"Tarix isə bəzən dövlətləri məhz bu sualla üz-üzə qoyur: sən sadəcə bir ölkəsən, yoxsa bir ideyanın taleyini daşıyan siyasi layihə?"

Şəfəq Mehrəliyeva, media eksperti:

- İsveçin paytaxtı Stokholm şəhərində qatıldığım Nobel Mükafatı Müəllimlər Sammiti (Nobel Prize Teacher Summit) bu gündən öz işinə başladı.

Hər il gələcək yönümlü qlobal bir məsələni diqqətdə saxlayan sammit bu il "Sağlamlıq - qlobal narahatlıq" mövzusu ətrafında fikir mübadiləsi aparacaq.

Spikerlər arasında Nobel Mükafatı laureatları, o cümlədən bu ilin əsas spikeri - 2022 ci ildə Kimya üzrə Nobel Mükafatı alan danimarkalı alim Morten Meldal var. Professor Meldalın "click chemistry" sahəsi üzrə araşdırmaları molekullar arasında sürətli və etibarlı birləşmə yolunu taparaq səhiyyədə yeni dərmanların yaradılmasına əsas yaradıb.

Digər spikerlər Kimya üzrə Nobel Mükafatı üzrə qərar verən İsveçin Karolinska İnstitutunun alimləridir.

Nobel Mükafatı Muzeyində Nobel ailəsinin tarixinə dair ədəbiyyatda doğma Azərbaycanı görmək də sevindiricidir. 19-cu əsrin sonunun Balaxanı mədənləri Nobellərin hasilat əraziləri kimi burada sərgilənib.

Sual edə bilərsiniz ki, Nobel Mükafatı niyə ayrıca Müəllimlər Sammiti keçirir? Burada ona cavab sadə və məntiqlidir:

yaxşı müəllimlər olmadan alimlər yaranmaz,

alimlərsiz ixtiralar olmaz,

ixtiralarsız isə bəşəri tərəqqi mümkün deyil.

Hər şey müəllimdən başlayır!

ADA University Nobel Mükafatı Müəllimlər Sammitinin mütəmadi iştirakçısıdır.

Fazil Mustafa, millət vəkili:

- Sübh tezdən "Mədəniyyət" kanalında "Mənim tanıdığım Vaqif" sənədli filmini seyr etdim. Həm də usanmadan sona qədər. Filmlə yaşayırsan, ayrı-ayrı şərhlərin ingiliscə altyazısı maraqla oxunur. Vaqif haqqında danışan şəxslərin internasional seçimi heyrətamizdir. Həqiqətən möhtəşəm bir sənət əsəri alınıb. Bu cür səviyyəli tanıtım 39 yaşda dünyasını dəyişmiş bir musiqi dahisini və sənət fədaisini tanımaq üçün hətta mənim kimi yüzlərlə musiqi diletantına hansısa ağırlıq yaratmaz. Əsərlərindən fraqmentləri süjetə necə uyğun yerləşdirmişlər. Sonluq da anlamlı. Əzizənin ifasına alqışlar və Vaqifin silueti hər şeyi sözsüz ifa edirdi. Düşünürsən ki, Sovet sistemi içində olmasaydı, bəlkə Vaqif də bu səviyyədə yetişməyəcəkdi. Həm də düşünürsən ki, Sovet sistemi içində olmasaydı, dünya caz musiqisində daha böyük arealda öz kimliyini qəbul etdirəcəkdi. Bəzən totalitarizm insanın içindəki azadlğa əngəl kimi görünsə də, bir çoxları məhz öz azadlığının mahiyyətini bu cür rejimlərdə kəşf edə bilirlər. Sadəcə bu filmə görə onu ərsəyə gətirənlərə Allahın təşəkkürünü bildirmək ehtiyacını duydum.

Sayad Həsənli, jurnalist:

- Dünən Belqradın mərkəzində əl işlərinin satıldığı bir mağazaya girdim. Çox antikvar yer idi, satıcıların hamısı, demək olar ki, yaşlı nəsilin nümayəndələriydi. Kimi zinət əşyaları, kimi də hördüyü corab, kofta, papaqları satırdı. Belqradda ən isti münasibəti bu məkanda gördüm və buna görə də az qala bir saat oradakı nənələrlə danışdıq.

Nənələr ingiliscə çox yaxşı danışırdılar. Bizim serbcə danışmağa çalışdığımızı görmək də çox xoşlarına gəlmişdi. Hətta biri təklif etdi ki, serb dilini təkmilləşdirmək üçün vaxt tapdıqca yanlarına gedək. Bizlə həmsöhbət olmaqdan onlar da zövq almışdı.

Azərbaycandan olduğumu biləndə nənə dərhal sevincək məşhur "Kənd Həyatı" səhifəsi ilə Azərbaycan mətbəxini dünyaya tanıdan Əzizə xanımdan söz açdı. Onların səhifəsini daim izlədiklərini və çox bəyəndiklərini dedi. Bu, məni çox sevindirdi. Çünki bu gün evində hüzurlu həyatını yaşayan, heç kimlə rəqabət aparmadan xoşbəxt olduğu işi görən bir qadın dünyada təkcə mətbəximizi yox, həm də ölkəmizi tanıdır.

Yeganə Hacıyeva, politoloq:

- Neqativ xəbərlərin çoxluğunda pozitiv xəbərlərə çox ehtiyac var və mən birini paylaşıram.

Çin alimləri diabetin müalicəsi ilə bağlı araşdırmaların ümidverici nəticələri dərc ediblər.

Ümumiyyətlə son illərdə dünyanın müxtəlif ölkələrində alimlər diabetin müalicəsi üçün yeni üsullar üzərində işləyirlər.

Çin alimləri də kök hüceyrə terapiyası əsasında, bədənin yenidən insulin istehsal etməsini təmin edə bilən üsul üzərində uğurlu nəticələr əldə ediblər. 

Xəstənin öz hüceyrələri götürülərək, laboratoriyada bu hüceyrələr kök hüceyrələrə çevirirlər, daha sonra bu hüceyrələrdən mədəaltı vəzidə insulin istehsal edən xüsusi beta hüceyrələr yetişdirərək yenidən xəstənin bədəninə köçürürlər.

Klinik tədqiqat mərhələsində olan  bu üsuldan sonra xəstələrin orqanizmi yenidən insulin istehsal etməyə başlayıb və onlar bir müddət insulin iynələrindən istifadə etməyiblər.

Üsul hələ eksperimental tədqiqat mərhələsindədir, geniş şəkildə tətbiq olunmur və daha geniş klinik sınaqlara ehtiyac var.

Buna baxmayaraq, alimlər hesab edirlər ki, bu istiqamətdə aparılan araşdırmalar çox yaxın gələcəkdə diabetin müalicəsində inqilabi irəliləyişə səbəb olacaq...

Bəşəriyyət elm və alimlərin sayəsində xilas ola bilər ancaq...

Tahir Tahiroviç, rejissor:

- "Vəzifəsiz vəzifəli"

Elə adamlar var ki, onların kreslosu olmasa da, çəkisi olur. Möhürü olmasa da, sözü keçir. Rəsmi statusu bitir, amma cəmiyyətdəki yeri bitmir. Çünki bəzi insanlar vəzifəni daşımırlar, vəzifə onların şəxsiyyətində yaşayır.

Tofiq Bağırov da məhz belə nadir simalardan idi.

Dünən Bakıda onun 100 illik yubileyi qeyd olundu. Çıxış edənlərin hər biri bir həqiqəti müxtəlif cümlələrlə ifadə edirdi: Tofiq müəllim təkcə dövlət adamı olmayıb, dövlət düşüncəsinin özü olub. Bu isə hər adama nəsib olmur.

Çünki vəzifə iki cür olur. Biri sənə sənədlə verilir, biri də sən onu ömrünlə qazanırsan. Birincinin müddəti olur, ikincinin isə ömrü xalqın yaddaşı qədər uzanır. Tofiq Bağırov həmin ikinci zirvənin adamlarından olub.

Onun barəsində danışanlar sadəcə bir məmuru deyil, bir məktəbi xatırlayırdılar. Dövlətə xidmət mədəniyyətini, idarəçilik əxlaqını, sözə sədaqəti, mövqedə təmkin və məsuliyyət duyğusunu xatırlayırdılar. Bu gün ən çox ehtiyac duyduğumuz dəyərlər də elə bunlardır.

Tofiq Bağırov o insanlardan olub ki, onu təqdim etmək üçün uzun titullara ehtiyac yox idi. Adı kifayət edirdi. Bu isə artıq rəsmi bioqrafiyanın yox, mənəvi statusun göstəricisidir.

Qəzənfər Paşayev, Həsən Həsənov, Rafael Hüseynovun və Etibar Məmmədovun çıxışları ayrıca bir salnamə idi.

Ruhun şad olsun Tofiq müəllim.

Fərid Pərdəşünas, texnobloger:

- 10 illik səyahət tarixçəmdə Çinə ilk dəfədir gəlirəm. Başa düşdüyüm odur ki, nə mən onları başa düşürəm, nə də onlar məni. Burada ingilis dilinin "i"si də bilinmir. Tərcümə proqramları mütləqdir. İşin maraqlı tərəfi odur ki, Çin dilini bilmədiyini bildikləri halda dayanmadan Çin dilində danışırlar.

Yeməklərinə qarşı ön yarğım vardı. Bu tamamilə əsassız imiş. Çin yeməklərini bəyənməyənlərin ağız dadı yoxdur. Bir mənalı. Mən özüm də yeyə bilmədim, amma yəqin ki, dadlı idilər.

Yaxşı hamam mədəniyyəti var. Masaj, SPA və s. Gedib gecəni hamamda qalmaq olur. Sürücülük mədəniyyəti mən olduğum bölgədə dəhşət pis idi. Təsəvvür edin, Bakı oranın yanında Berlindir. Üstünə çıxan motolar, dayanmadan siqnallar və s.

Texnoloji zavodlarında oldum. Super Mario paltarı geyinib zavodla tanış oldum. Bunu niyə geyindirdiklərini mən də anlamadım, amma iş forması belə idi. O Çində dayanmadan işləyən, robot kimi insanları burada canlı gördüm.

Bakı ilə 4 saat vaxt fərqi var. Şanxayda 9-da oyanmaq üçün Bakı vaxtı ilə gecə 5-də qalxmalısan. Ümumiyyətlə, Çinə gəlirsənsə, turist olaraq buna rahat ən az 10 gün ayırmaq lazımdır. 20 olsa, lap yaxşı. 30 ideal. Otellər ucuzdur. Taksi ucuz. Geyim ucuz. Texnologiya ucuzdur.

WeChat, Alipay, Didi Taxi, Baidu, Amap, eSIM, DeepSeek Bakıda yükləyib çıxmalı olduğunuz tətbiqlərdir. eSIM ilə bəzi sosial medialar işləyir. VPN servisi tapmaq çox çətindir. Premium-lar belə bəzən Çinin rəqəmsal səddini keçə bilmir.

Müsəllim Həsənov, jurnalist:

- BİLİRDİNİZMİ

...ki, 1828-ci ildə rus qoşunları Təbrizdə olduğu halda bütün Azərbaycan vilayəti niyə Rusiyaya birləşdirilməyib?

General Paskeviçin başçılıq etdiyi rus qoşunları 1827-ci ilin oktyabrında Təbrizi tuturlar. Artıq bütün Azərbaycan vilayətinin Rusiyaya birləşdirilməsi üçün real imkan yaranır.

General Paskeviç Təbrizin tutulması haqqında Rusiya imperatoruna yazdığı raportda hətta bu vilayəti Rusiyaya hansı statusla birləşdirmək məsələsinə aydınlıq gətirmək istəyir...

Lakin bu birləşmə baş tutmur.

Niyə?

Fətəli şah rusların tələb etdiyi təzminatı əvvəlcə ödəməkdən imtina etsə də, sonradan fikrini dəyişir.

Həm də imperator I Nikolay bu birləşmənin beynəlxalq aləmdə səs-küy yaradacağını əsas gətirərək, Azərbaycanın Rusiyaya birləşdirilməsinə razılıq vermir.

I Nikolay 1827-ci il noyabrın 29-da Paskeviçə göndərdiyi ali təlimatda yazırdı ki, bizim qoşunların uzun müddət Azərbaycanda qalması müxtəlif narahatlıqlar yarada bilər. Mən hesab edirəm ki, 40 milyon rubl məbləğində təzminatı alan kimi bizim qoşunlar yeni tutduğumuz xanlıqlara (İrəvan və Naxçıvan xanlıqları nəzrdə tutulur) qayıtmalıdır...

Biz Təbrizi bütün Azərbaycanla birlikdə Abbas Mirzəyə qaytarsaq, ona imkan yaradarıq ki, bu vilayətdən gələn gəlirlərlə bizim qarşımızda götürdüyü təzminat öhdəliyini vaxtında yerinə yetirə bilsin.

...Əgər farslar sülh bağlamağı uzatsalar, sizə verdikləri vədləri yerinə yetirməsələr, onda icazə verirəm, Təbrizdə oturan rus generalıın nəzarəti altında  Azərbaycanda bir neçə xanlıq yaradın...

İmperator hesab edir ki, Azərbaycanın Rusiyaya birləşdirilməsi Avropanın aparıcı dövlətləri ilə dostluq münasibətlərimizi soyuda bilər...

Bütün bunlardan sonra Fətəli şah rusların tələb etdiyi təzminatı ödəyir və rus qoşunları Azərbaycandan çıxarılır.

Bəs sərhəd xətti kimi Araz çayının seçilməsi kimin ideyası olub?

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
93
525.az

1Источники