RU

Bayramda necə yeyək: Süfrəyə oturmazdan əvvəl DİQQƏT

Novruz Azərbaycanda ən sevilən bayramlardan biridir və bu bayramda süfrələr həmişə bol olur. 

Xüsusilə  paxlava, şəkərbura, qoğal demək olar ki, hər evdə hazırlanır və gün ərzində tez-tez yeyilir.

Amma bu bolluq bəzən həddindən artıq şirniyyat və ağır yemək qəbulu ilə nəticələnir. Bu da orqanizmə mənfi təsir edə bilər. Ona görə bayramda hər şeydən dadmaq yaxşıdır, amma ölçünü qorumaq daha vacibdir.

Bəs bayramda necə qidalanmaq lazımdır?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında qida üzrə məsləhətçi, dietoloq Lamiyə Əzimova bildirib ki, bolluq içində belə balansı qorumaq vacibdir:

"Bayram süfrələrinin bolluğu insanları daha çox yeməyə təşviq etsə də, əsas prinsip orqanizmi birdən-birə yükləməmək və ölçünü gözləməkdir. Ən çox yol verilən səhvlərdən biri gün ərzində az qidalanıb, bütün yükü axşam süfrəsinə yönəltməkdir. 

Bu isə həzm sisteminə ciddi təsir göstərir. Daha düzgün yanaşma gün ərzində qidalanmanı bölmək, az-az, amma tez-tez yeməkdir. Bu zaman həm orqanizm yorulmur, həm də həddindən artıq qida qəbulunun qarşısı alınır".

Onun sözlərinə görə, Novruz süfrəsində üstünlük təşkil edən şirniyyat və unlu qidalar  xüsusi diqqət tələb edir:

"Paxlava, şəkərbura və qoğal kimi yüksək kalorili qidaları eyni anda və çox miqdarda qəbul etmək əvəzinə, onları gün ərzində bölmək və sadəcə dadımlıq səviyyəsində yemək tövsiyə olunur. Bununla yanaşı, bu cür qidaları tərəvəz, göyərti və digər lifli məhsullarla balanslaşdırmaq vacibdir ki, qanda şəkərin səviyyəsi kəskin dəyişməsin".

O qeyd edib ki, porsiya nəzarəti də əsas şərtlərdən biridir:

Boşqabın yarısı tərəvəz və göyərti, bir hissəsi əsas yemək, qalan hissəsi isə digər qidalar üçün ayrılmalıdır. Şirniyyat isə ayrıca və məhdud miqdarda qəbul edilməlidir. Həmçinin, su qəbulu və fiziki aktivlik də diqqətdən kənarda qalmamalıdır.

Bol su içmək həzmi asanlaşdırır, qısa gəzintilər isə qəbul edilən kalorinin daha rahat sərf olunmasına kömək edir. Eyni zamanda, yeməyi tələsmədən, yaxşı çeynəyərək qəbul etmək doyma hissinin vaxtında yaranmasına və artıq yeməyin qarşısının alınmasına imkan verir. 

Bayramda qidalanma qidalanma qadağalar üzərində yox, düzgün seçim və balans üzərində qurulmalıdır.

Избранный
80
36
cebheinfo.az

10Источники