RU

Bu gün Beynəlxalq Daun Sindromu Günüdür  

Hər il martın 21-i dünyada Beynəlxalq Daun Sindromu Günü kimi qeyd olunur.

Musavat.com bildirir ki, Daun sindromu ilə bağlı bu əlamətdar gün ilk dəfə 2006-cı ildə Cenevrə Universitetində yunan genetiki Stilianos Antonarakis-in təşəbbüsü ilə qeyd olunmağa başlanıb. Daha sonra Palmada de Mayorkada keçirilən Daun sindromu üzrə VI Beynəlxalq Simpoziumda Avropa və Ümumdünya assosiasiyalarının təşəbbüsü ilə martın 21-i rəsmi olaraq Beynəlxalq Daun Sindromu Günü elan edilib.

Daun sindromu xromosom sayında baş verən genetik dəyişiklik nəticəsində yaranır və ən çox rast gəlinən xromosom anomaliyalarından biridir. Bu halda insan orqanizmində xromosomların sayı 46 deyil, 47 olur. Əlavə xromosom isə 21-ci xromosomun üçüncü nüsxəsi şəklində özünü göstərir. Məhz bu səbəbdən martın 21-i – ilin üçüncü ayının 21-ci günü – bu sindromun rəmzi kimi seçilib.
Həkimlərin qənaətinə görə, ananın yaşı artdıqca Daun sindromlu uşağın dünyaya gəlmə ehtimalı da yüksəlir. Belə ki, 35 yaşdan yuxarı qadınlarda bu risk təxminən 10 dəfə, 40 yaşdan yuxarı qadınlarda isə 25 dəfəyədək artır.

Bu günün əsas məqsədi cəmiyyətin diqqətini Daun sindromuna yönəltmək, maarifləndirməni gücləndirmək və bu fərqli fərdlərin cəmiyyətə inteqrasiyasına dəstək verməkdir. Hər il müxtəlif ölkələrdə dövlət qurumları, beynəlxalq təşkilatlar və qeyri-hökumət birlikləri bu istiqamətdə tədbirlər, aksiyalar və maarifləndirici kampaniyalar təşkil edirlər.

Xüsusilə vurğulanmalıdır ki, Daun sindromlu uşaqların inkişafında erkən müdaxilə böyük rol oynayır. Onların zehni və sosial inkişafına kiçik yaşlardan diqqət yetirilməsi, 4-5 yaşa qədər sistemli məşğələlərin təşkili olduqca vacibdir. Bu uşaqlar sevgi, diqqət və ünsiyyətə daha çox ehtiyac duyurlar. Onlar adətən daha həssas, səmimi və dostluq münasibətlərinə meyilli olurlar.

Daun sindromlu uşaqların müxtəlif dərnəklərə, sosial və inkişaf yönümlü proqramlara cəlb olunması onların cəmiyyətə uyğunlaşmasına, öz potensiallarını reallaşdırmasına və özlərini dəyərli hiss etməsinə imkan yaradır. Bu mühitdə onlar tolerantlıq, azadlıq, insan hüquqlarına hörmət və ümumbəşəri dəyərləri daha dərindən mənimsəyirlər.

Xalidə Gəray
Musavat.com

Избранный
69
musavat.com

1Источники