RU

Azərbaycanda pensiya sistemi köklü dəyişə bilər

Son vaxtlar ən aktual məsələlərdən biri də pensiya sistemi ilə bağlıdır.

Belə ki, pensiya yaşı, pensiya kapitalının həcmi, toplanan vəsaitin varisə ötürülməsi kimi amillər əsas müzakirə mövzusudur. Bu sahədə digər bir məqam ondan ibarətdir ki, hazırda ölkədə yığıma görə pensiya sistemi mövcud deyil. Yəni pensiyaçıların özlərinin topladıqları kapitala görə pensiya almır, hazırda çalışan insanların DSMF-yə ödədiyi vəsaitə əsasən pensiya alırlar.

Burada mühüm problemlərdən biri isə odur ki, ölkədə özünü göstərən doğum sayında azalma gələcəkdə əmək qabiliyyətli insanların sayının azalması deməkdir. Bu isə gələcəkdə tədricən pensiya alan vətəndaşlar üçün problemlərə yol açacaq. 

Bugünlərdə Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov bildirib ki, 2015-ci ildə Azərbaycanda 160 mindən yuxarı uşaq doğulduğu halda, 2025-ci ildə bu göstərici 100 minin altında olub:

“Bir neçə on ildən sonra isə yəqin ki, pensiyada olan əhali ilə işləmək qabiliyyətində olan əhali arasında nisbətdə ciddi dəyişikliklər baş verəcək, bu da həm iqtisadiyyatımıza, həm də sosial siyasətimizə ciddi təsir göstərə bilər. Güman edirəm ki, 2026-cı ildə və ondan sonrakı illərdə baş nazirin başçılığı ilə hökumətimizin demoqrafik məsələlərə diqqəti artırılmış olacaq”.

Pensiya sistemindəki mövcud problemlərə toxunan iqtisadçı-ekspert Natiq Cəfərli isə bildirib ki, 1994-cü ildə Azərbaycanda 1 milyon 250,9 min təqaüdçü var idisə, 30 ildən sonra, 2026-cı ilin yanvarın ayının 1-nə təqaüdçülərin sayı 1 milyon 98,9 min nəfər qədər azalıb:

“Təqaüdçülərin sayı ilbəil azalır, paralel olaraq da ölkədə doğuş sayı da kəskin azalır – ölkəmiz üçün ciddi problemlər yaranır, bu gün addımlar atılmasa, sabah gec olacaq. Təqaüdçülər üçün ən vacib məsələlərdən biri ömür boyu işləyib, çalışıb DSMF-yə topladıqları vəsaitə çıxışının olmamasıdır. Sayları da azalır, bu boşluq mütləq aradan qaldırılmalıdır, bu gün pensiya kapitalının həddi 46080 manatdır. Bunun özü də çoxdur, amma, insanlar var ki, 100-150 min pensiya kapitalları var, amma, həmin vəsait onlar üçün əlçatan deyil.

Təqaüd yaşına çatmadan dünyasını dəyişənlər var, sayları çoxdur, onların varisləri niyə həmin vəsaiti ala bilməsin? Və ya, 40 yaşında bir insan işləyib, DSMF-yə 30 min manat yığıb. Amma dünyasını dəyişir, o pulun aqibəti nə olur?! Bəlkə elə övladına çatsın, bəlkə övladının, məsələn, təhsil haqqını, və ya, övladı ipotekanı o vəsaitdən ödəmək hüququ yaransın?! Niyə olmaz?! Xülasə, hökumət çıxıb aydın deməlidir ki, DSMF-yə yığılan vəsait vətəndaşındır, ya yox?! Bu, vətəndaşın yığımıdır, ya vergisi?”

Mövcud demoqrafik vəziyyət davam edərsə, əmək qabiliyyətli insanların sayı azalacağı təqdirdə pensiya təminatı necə həyata keçiriləcək?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət"-ə bildirib ki, hazırkı pensiya sisteminə görə, əmək qabiliyyəti olan nəsil işləyir, pensiyaçıları “saxlayır”:

“Bu, nəsillərarası həmrəylik sistemi, digəri isə yığım sistemidir. Yığım sisteminə keçidlə bağlı 2006-cı ildən 2017-ci ilə qədər islahat davam etdi, ancaq alınmadı. Yenidən köhnə sistemə qayıdış təmin edildi. Yığım sistemi daha innovativ, müasirdir. Yəni vətəndaş işlədiyi müddətdə işinə müvafiq pensiya yığımı yaradır, pensiyaya çıxdıqdan sonra həmin yığımdan pensiya alır. Dünyada bu üsulun ən parlaq nümunəsi Danimarkadadır.

Orada yığım əsasında çox yaxşı bir sistem qurublar. Yəni demoqrafik problem pensiya fondunun işinə ciddi zərər gətirmir. Çünki işləyən əhali azdır, özü üçün az, işləyən sayı çoxdursa, çox kapital yığır. Yəni orada ümumi kollektiv cavabdehlik yoxdur". Ancaq Azərbaycandakı sistemdə uşaq doğumu azalacaqsa, gələcəkdə əməkqabiliyyətli əhalinin sayı azalacaq: "Bu da pensiya ödənişlərində ciddi problem yaradacaq.

Çünki pensiyaçı sayı çox, işləyən əhali sayı isə az olacaq. Hazırda bir pensiyaçıya 3,5 işləyən əhali düşür. Onun da ödədiyi vəsait pensiyaçıya tam əhatəli təminat verə bilmir. O rəqəm azalıb 2 nəfərə düşərsə, daha ciddi problem yaranacaq. Ona görə də Azərbaycan hökuməti ya demoqrafik problemi aradan qaldırmalıdır ki, tətbiq etdiyi model işləsin. Ya da modeli dəyişməli, yığım sisteminə keçməlidir”. 

Ekspertin sözlərinə görə, yığım sisteminə keçmək üçün ölkədə əmək bazarının strukturu dəyişməlidir:

“Ölkədə rəqabət mühiti formalaşmalı, inhisarçılıq azalmalıdır. Dinamik əmək bazarı olmayan bir ölkədə yığıma əsaslanan pensiya fondunu inkişaf etdirmək ciddi problemlə üzləşir. Ölkədə çox sayda qeyri-leqal, yəni əmək müqaviləsi olmayan işçi var. Yəni əmək bazarında rəsmi işçi sayı kifayət qədər olmalıdır ki, onlar özü üçün pensiya yığımı, fond yarada bilsin.

Qeyri-rəsmi çalışanların heç biri özü üçün pensiya yığımı yarada bilmir və DSMF-yə ödəniş etməyəcəksə, o gələcəkdə pensiyaya çıxdıqda yalnız yaşa görə müavinət alacaq. Ona görə də dinamik əmək bazarı olmalıdır. İndiki iqtisadi model yığıma əsaslanan pensiya fondunun inkişafına, tətbiqinə imkan vermir”.

Избранный
63
cebheinfo.az

1Источники