RU

Bahar sevinci, yaz təravəti: Naxçıvanda festival ab havası FOTOLAR

ain.az, Azertag saytına istinadən bildirir.

Naxçıvan, 21 mart, AZƏRTAC

Hər qarışı Naxçıvanın qədim və zəngin dövlətçilik tarixindən xəbər verən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi baharın gəlişini coşqu ilə qarşılayır. Səhərin erkən saatlarından böyükdən-kiçiyə hər kəs yazın ətrini daha dərindən duymaq və Novruz bayramını milli adət-ənənələrimizə uyğun qeyd etmək üçün Bahar festivalının keçirildiyi bu tarixi məkanı seçir. Qalanın qədim qapılarının önündəcə yazın təravətli nəfəsi sanki insanı öz ağuşuna alaraq içəri dəvət edir.

AZƏRTAC-ın bölgə müxbirinin Naxçıvanda keçirilən Bahar festivalından hazırladığı reportajı təqdim edirik:

Milli-mənəvi dəyərlərimizin və adət-ənənələrimizin təbliğ olunduğu bu festivalda Novruzun sevimli personajları Dədə Qorqud, Bahar qızı, Kosa və Keçəl ziyarətçiləri salamlayır. Festival ərazisində 30-dan çox sərgi-satış stendi və 20 iaşə köşkü fəaliyyət göstərir. Muxtar respublikanın zəngin bayram süfrəsi, milli mətbəx nümunələri və əl işləri burada öz əksini tapır. Milli geyimli qız-gəlinlər kündə açaraq şəkərbura, paxlava və kətə hazırlayır, oğlanlar rəqs edir, yallı gedir, uşaqlar isə rəngarəng oyun və əyləncələrlə bayramın sevincini yaşayırlar. Festival ziyarətçilərə həm vizual, həm də emosional zənginlik təqdim edir. Teatr kollektivlərinin maraqlı səhnəcikləri, rəssam və sənətkarların incə əl işləri, dekorativ-tətbiqi sənət nümunələri iştirakçılarda nostalji hisslər oyadır və unudulmaz xatirələr yaradır. Bədii gimnastika, kikboksinq, həmçinin pəhləvanların çıxışları tədbirə xüsusi rəng qatır. Festivalın əyləncəsini daha da artıran əsas amillərdən biri də mədəniyyət kollektivləri, tanınmış müğənnilər və rəqqasların təqdim etdiyi mahnı, musiqi və rəqs nömrələridir.

Milli adət-ənənələrimizin təbliği festivalın əsas məqsədlərindən biridir. Müxtəlif sənət sahələrini əhatə edən əl işlərinin sərgiləndiyi stendlər məhz bu missiyaya xidmət edir. Bu baxımdan Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzi də festivalda fəal iştirak edir. Peşə Təhsil Mərkəzinin 6 dərnək qrupuna aid yaradıcılıq nümunələri ziyarətçilərə təqdim olunur. Mərkəzin direktor müavini Cəmilə Hüseynova deyir: “Binaların təmiri və istismarı ixtisası üzrə təhsil alan tələbələr "Şəhərsalma və Memarlıq İli"nə uyğun hazırladıqları maket, rəsm və layihələri nümayiş etdirirlər. Dayə ixtisası üzrə tələbələr milli atributları, xalça nümunələrini və dəyərlərimizi təqdim edirlər. "Moda dizayn" qrupu tərəfindən rəsmlər, bəzək elementləri, dekorativ və geri dönüşüm əsaslı yaradıcılıq işləri nümayiş olunur. "Şirniyyatçı"lar milli mətbəximizin zənginliyini göstərir. Burada Ordubad, Şahbuz, Şərur, Sədərək və Babək rayonlarının zəngin mətbəx nümunələri də nümayiş olunur. Qayğanaq, şirin çörək, şəkərbura, paxlava, Naxçıvan kətəsi və səməni kimi nemətlər ziyarətçilərin diqqətini xüsusilə cəlb edir. Bununla yanaşı, “Arzuman” küftəsi, Naxçıvan plovu və balqabaq plovu da bayram süfrəsinə xüsusi rəng qatır”.

Festivalda maraq doğuran stendlərdən biri də STEAM Mərkəzi tərəfindən hazırlanıb. Mərkəzin təmsilçiləri Kazım Əkbərov və Uğur Quluzadənin sözlərinə görə, iştirakçıların ən çox diqqətini çəkən sahələrdən biri dron texnologiyalarıdır. Burada nümayiş etdirilən iri dron hazır komponentlərdən düzəldilib, digəri isə "STEAM Azərbaycan Festivalı 2025"-də birinci yerə layiq görülüb. Bu layihə ideyadan son məhsula qədər komandanın birgə əməyinin nəticəsidir. Stenddə, həmçinin robot texnikası nümunələri, qayıq modelləri və 3D printer avadanlıqları da sərgilənir.

Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri də festivalda iştirak edir. Mərkəzin metodisti Rəsmiyyə Məmmədova bildirir ki, sərgidə 80-dən artıq əl işi nümayiş olunur. "Rəsm və tikmə" dərnək üzvləri müxtəlif texnikalardan istifadə edərək maraqlı yaradıcılıq nümunələri ortaya qoyublar. "Aplikasiya" dərnəyində muncuqlarla hazırlanmış işlər xüsusi diqqət çəkir. Bu əsərlərin bir qismi sağlamlıq imkanları məhdud uşaqlar tərəfindən hazırlanıb və onların yaradıcılıq potensialını ön plana çıxarır.

Müharibə veteranı Elşən Ağayev deyir ki, bayramlar qalib ölkəmiz və müzəffər xalqımıza çox yaraşır: "Bu il həm Ramazan, həm də Novruz bayramı eyni vaxta təsadüf etdiyi üçün yazın gəlişi ikiqat bayrama çevrilib. İnsanların üzündə sevinc və ümid görünür. Hər kəsə xoşbəxtlik və firavanlıq arzulayıram, xüsusilə şəhid analarına, qazilərimizə və veteranlara möhkəm can sağlığı diləyirəm”.

Naxçıvan sakini Uğur Hüseynov də Novruz bayramını yüksək əhval-ruhiyyədə qeyd etmək üçün Naxçıvanqalaya üz tutub. “Festival yalnız Naxçıvan sakinlərini deyil, həm də dünyanın müxtəlif yerlərindən təşrif buyuran qonaqları bir araya gətirir. Bu isə onların həm Naxçıvanı, həm də xalqımızın tarixini, zəngin mətbəxini və milli adət-ənənələrini yaxından tanımasına imkan yaradır”, - deyə o əlavə edir.

Şərur rayonundan gələn məktəbli Şərabanı Seyidova isə bildirir ki, festivalda ən çox diqqətini çəkənlər Kosa və Keçəl, müxtəlif bijüteriyalar və robot texnikası olub: “Xüsusilə robot texnologiyaları mənim üçün çox maraqlıdır. Mən texnologiyaya böyük maraq göstərirəm və bu sahəni çox sevirəm. Burada nümayiş olunan bijüteriya nümunələri də həm gözəl, həm də maraqlıdır. Ümumilikdə festival mənə çox xoş təsir bağışlayır”.

Saatlar keçdikcə festivala gələnlərin sayı daha da artır, bayram coşqusu pik həddə çatır. Sakinlər və qonaqlar dəstə-dəstə Naxçıvanqalaya axışaraq buradakı rəngarəng stendləri, sərgiləri və əyləncəli proqramlarını böyük maraqla izləyirlər. Qalanın hər guşəsi ziyarətçi axını ilə sanki yenidən canlanır. Uşaqlar şən oyunların mərkəzində sevinc dolu anlar yaşayır, gənclər və böyüklər isə həm milli mətbəxin ləziz təamlarından dadır, həm də sənət nümunələrinin zərifliyindən zövq alırlar. Festivalın bu canlı və enerjili ab-havası hər kəsi vahid bir bayram ruhunda birləşdirir.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən Bahar festivalı bayram günlərində davam edəcək. Festival hər gün maraqlı proqramlar, əyləncəli fəaliyyətlər və sevimli müğənnilərin konsertləri ilə iştirakçıları salamlayacaq, hər kəsə unudulmaz bayram anları yaşadacaq.

Müxbir- Nail Əsgərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
82
azertag.az

1Источники