RU

Qarabağdan dünyaya: İxracın yeni ünvanı - Ağdam Sənaye Parkından reportaj FOTO

Ağdam, 21 mart, AZƏRTAC

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və “Böyük Qayıdış” proqramı çərçivəsində həyata keçirilən strateji iqtisadi layihələr regionun simasını sürətlə dəyişir. Bu layihələr arasında xüsusi çəkisi ilə seçilən Ağdam Sənaye Parkı Qarabağın sənaye potensialının bərpası və inkişafında lokomotiv rolunu oynayır. 190 hektardan çox ərazini əhatə edən bu müasir sənaye zonası artıq regionun iqtisadi dirçəlişinin simvoluna çevrilib.

Ağdam Sənaye Parkında yaradılan əlverişli investisiya mühiti, dövlət tərəfindən təqdim olunan vergi və gömrük güzəştləri yerli və xarici investorların diqqətini bu bölgəyə yönəldib. Parkda hazırda tikinti materiallarının istehsalı, qida sənayesi, yüngül sənaye və yüksək texnologiyalı avadanlıqların yığılması kimi müxtəlif istiqamətlər üzrə müəssisələr fəaliyyət göstərir. Bu müəssisələr həm də işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı tikinti-quruculuq işlərini yerli xammal və məhsullarla təmin edərək xərclərin optimallaşdırılmasına töhfə verir.

Parkın fəaliyyəti həm də mühüm sosial əhəmiyyət kəsb edir. Burada yaradılan minlərlə yeni iş yeri, bölgəyə qayıdan keçmiş məcburi köçkünlərin dayanıqlı məşğulluğunu təmin edir. Bu, insanların öz doğma yurdlarında layiqli yaşayış şəraiti ilə təmin olunması üçün atılan ən vacib addımlardan biridir.

Ağdam Sənaye Parkında istehsal olunan məhsullar daxili bazarla yanaşı, xarici ölkələrə də ixrac edilir.

149,67 milyon manat investisiya, 1000-ə yaxın daimi iş yeri

Ağdam Sənaye Parkı rezidentlərinin sayına görə ölkədə ikinci ən böyük sənaye zonasıdır. Parkın əsas məqsədi azad olunmuş ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişafı, sahibkarlığın dəstəklənməsi və əhalinin məşğulluğunun artırılmasıdır. Hazırda sənaye parkında 30 rezident, 5 qeyri-rezident fəaliyyət göstərir. Sahibkarlar tərəfindən layihələrə 149,67 milyon manat investisiya yatırılıb, 1000-ə yaxın daimi iş yeri yaradılıb. Hazırda parkda 13 müəssisə var.

İnvestisiya qoyuluşlarının davamlı xarakter alması nəticəsində yaxın gələcəkdə parkdakı müəssisələrin sayının və istehsal gücünün daha da artırılması hədəflənir. Bu fəaliyyət həm də “Made in Azerbaijan” brendi altında rəqabətqabiliyyətli məhsulların xarici bazarlara çıxarılmasına və regionun mühüm ixrac mərkəzinə çevrilməsinə şərait yaradır.

Ağdamda istehsal olunan divar kağızları dünya bazarına yol açır

Ağdam Sənaye Parkında ixrac potensialı ilə seçilən müəssisələrdən biri “Mister Decor” MMC-nin divar kağızları istehsalı zavodudur. 1,6 hektar ərazidə yaradılan müəssisə Cənubi Qafqazda bu sahə üzrə ixtisaslaşmış ilk zavod hesab olunur.

Müəssisənin direktoru Ülvi Mahmudov bildirib ki, 2024-cü ilin sentyabrında fəaliyyətə başlayan zavodun istehsal avadanlıqları Çindən gətirilib, xammal isə Çin və Avropa ölkələrindən tədarük olunur. Müəssisənin illik istehsal gücü 2,1 milyon rulon divar kağızı təşkil edir.

“Hazırda 3-cü istehsal xəttinin quraşdırılması istiqamətində işlər aparılır ki, bu da istehsal gücünün artırılmasına imkan verəcək. Məhsullarımız əsasən daxili bazarda satılır. Xüsusən Qarabağda inşa edilən evlərdə zavodda istehsal olunan divar kağızlarından istifadə olunur. Lakin hədəfimiz daha genişdir, artıq Özbəkistan və Gürcüstana ixrac həyata keçirmişik. MDB və Asiya ölkələrinə də məhsul ixracı nəzərdə tutulur”, – deyə Ülvi Mahmudov qeyd edib.

Ağdamdan dünya bazarlarına: ISO sertifikatlı təhlükəsizlik ayaqqabıları

Sənaye parkının ixrac potensialını gücləndirən digər müəssisə “BAFCO İnvest” MMC-nin ayaqqabı fabrikidir. Burada 2024-cü ilin aprelindən başlayaraq müxtəlif təyinatlı ayaqqabıların və poliuretan çəkmələrin istehsalına başlanılıb. İstehsal gücü xüsusi təyinatlı ayaqqabılar üzrə ildə 360 min cüt, poliuretan çəkmələr üzrə isə ildə 150 min cütdür.

İstehsal üzrə direktor müavini Musa Alızadə bildirib ki, müəssisə Almaniyanın yüksək texnoloji avadanlıqları ilə təchiz olunub və istehsal prosesi peşəkar kadrlar tərəfindən həyata keçirilir. Müəssisə EN İSO uyğunluq sertifikatına malikdir ki, bu da fabrikin məhsullarının Avropa və dünyanın digər bazarlarına ixracına imkan yaradır.

“Artıq ötən ildən ixraca başlamışıq. Məhsullar əsasən MDB ölkələrinə ixrac olunur. Avropa, Yaxın Şərq və MDB ölkələri ilə biznes əlaqələri qurulub və yaxın vaxtlarda ixracın coğrafiyası genişlənəcək. Yüksək keyfiyyətli xammal, istehsal prosesi və peşəkar mütəxəssislərimiz bizə həm daxili, həm də xarici bazarı keyfiyyətli məhsullarla təmin etməyə imkan verir. Artıq daxili bazarda çox böyük paya sahibik. Hazırda 15-dən artıq modeldə təhlükəsizlik ayaqqabıları istehsal olunur. Eyni zamanda fərqli modeldə, sinifdə və rənglərdə poliuretan çəkmələr istehsal edirik. Yaxın gələcəkdə məhsul çeşidinin artırılması planlaşdırılır”, – deyə Musa Alızadə vurğulayıb.

Ağdam Sənaye Parkında fəaliyyət göstərən müəssisələrin uğurları bir daha təsdiqləyir ki, işğaldan azad edilmiş ərazilər qısa müddətdə ölkə iqtisadiyyatında önəmli rol oynamağa başlayıb. Divar kağızlarından tutmuş xüsusi təyinatlı ayaqqabılara qədər müxtəlif məhsulların istehsal olunaraq dünya bazarlarına çıxarılması regionun sənaye potensialının real göstəricisidir.

Müxbir – Tahir Ağaməmmədov

Избранный
78
1
azertag.az

2Источники