RU

Böyük gündəm dəyişikliyi: Ukrayna niyə unudulur?

Fevralın 28-dən etibarən ABŞ və müttəfiqi İsrailin İrana qarşı hərbi əməliyyatlara başlaması qlobal gündəmdə ciddi dəyişikliklərə səbəb olub. Son illərdə beynəlxalq diqqətin mərkəzində olan Ukrayna müharibəsi isə son həftələrdə ikinci plana keçib. Bu dəyişikliklər fonunda yeni geosiyasi balansın kimlərin xeyrinə işlədiyi sualı daha da aktuallaşır.

ABŞ və İsrailin İrana qarşı hücumlarından sonra diqqət çəkən əsas məqamlardan biri məhz informasiya gündəminin dəyişməsidir. 2022-ci ilin fevralından etibarən Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi dünya mediasının əsas mövzusu idi. Lakin son 23 gün ərzində Ukrayna ətrafında baş verən hadisələr İran münaqişəsinin kölgəsində qalıb.

Bu vəziyyətin Rusiyanın maraqlarına uyğun olduğu barədə fikirlər həm dünya, həm də Azərbaycan mediasında geniş yayılıb. Ekspertlər hesab edir ki, İranla bağlı müharibə nə qədər uzun çəkərsə, Rusiya üçün bir o qədər əlverişli şərait yaranacaq və bu ölkə Ukraynada məqsədlərini daha rahat şəkildə həyata keçirməyə çalışacaq.

Eyni zamanda qeyd olunur ki, İran müharibəsi qlobal informasiya məkanında Ukrayna problemini və Ukrayna xalqının üzləşdiyi humanitar faciəni arxa plana keçirib.

natiq.jpg


REAL Partiyasının sədri Natiq Cəfərli məsələyə münasibət bildirərək qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasının əsas səbəblərindən biri Kiyevin NATO-ya üzvlük istiqamətində atdığı addımlar olub.

Onun sözlərinə görə, Ukraynanın anti-Rusiya layihəsinə çevrilməsi və NATO üzvlüyünü Konstitusiyasında təsbit etməsi Moskvanın aqressiyasını artıran əsas amillərdən biri idi:

“Ukraynanın NATO-ya üzv olmaq uğrunda apardığı müharibə artıq 4 ildən çoxdur davam edir. Lakin bu gün ortaya çıxan mənzərə alyansın öz daxilində ciddi transformasiya yaşadığını göstərir”.

Natiq Cəfərlinin fikrincə, NATO-nun təməl prinsipləri dəyişir və bu, təkcə ABŞ prezidenti Donald Trampın mövqeyi ilə bağlı deyil, ümumilikdə Vaşinqtonun yeni strateji yanaşmasının nəticəsidir:

“Ukrayna 2014-cü ildən bəri 20% torpaq, 20 mln. əhalisini itirib və bu gün can atdığı NATO heç bir üzvünə tam “təhlükəsizlik çətiri” verə, hətta ABŞ də Körfəz ölkələrindəki müttəfiqlərini tam qoruya bilmir. Ukrayna NATO üzvlüyünə can atmasaydı, bəlkə də yenə Rusiya işğala cəhd edərdi – ola bilər, bunu inkar etmirəm, amma NATO xəyalı, anti-rusiya layihəsi olmaq istəyi Rusiyanın müharibə iştahını xeyli qabartdı”.

N. Cəfərli hesab edir ki, baş verənlər bütün ölkələri öz təhlükəsizlik strategiyalarını yenidən nəzərdən keçirməyə vadar edəcək:

“Real təhlükəsizlik yalnız güclü milli ordu və etibarlı müttəfiqlərlə mümkündür”.

Bu kontekstdə Natiq Cəfərli Türk Dövlətləri Təşkilatının gələcəkdə təhlükəsizlik alyansına çevrilməsinin vacibliyini qeyd edib.

Ekspertə görə, təşkilat inteqrasiya olunmuş ordu və təhlükəsizlik sistemi qurmaq istiqamətində addımlar atmalıdır:

“Bu mənada Türk Dövlətləri Təşkilatı təhlükəsizlik birliyinə çevrilməli, özünü qorumaq üçün inteqrasiya olunmuş ordu və təhlükəsizlik sisteminə doğru sürətlə irəliləməlidir. Bu addımların lideri qardaş Türkiyə olmalıdır, amma Türkiyə də seçim etməli olacaq: ya türk dünyasının, ya da müsəlman dünyasının lideri olmaq - hər ikisi bir yerdə mümkün deyil, müsəlman dünyasının lideri olmaq cəhdi belə mənasızdır, vaxt və resurs itkisidir”.

Şahanə Rəhimli
Musavat.com

Избранный
126
50
musavat.com

10Источники