RU

İranın 600 milyardlıq təhdidi: Hörmüz boğazı dünya üçün niyə bu qədər əhəmiyyətlidir? FOTO

Moderator.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İran, ABŞ və İsrail arasında fevralın 28-dən başlayan müharibə dünya neft bazarına ciddi zərbə vurub. Belə ki, İranın dünyanın ən işlək daşınma kanallarından biri olan Hörmüz boğazını bağlamasından sonra neftin qiymətində kəskin artım müşahidə olunub. Fevralın 28-də bir barelinin qiyməti 72.75 ABŞ dolları olan "Azeri Light" markalı neftin hazırkı qiyməti 122.9 dollardır. "Brent" markalı neftin qiyməti isə 111 dollar civarındadır. ABŞ Prezidenti Donald Tramp da məsələnin ciddiyyətini anlayaraq İrana 48 saat vaxt verib. Ağ Ev lideri qeyd edib ki, bu müddət ərzində Hörmüz boğazı tamamilə blokadadan çıxarılmasa, ABŞ İranın elektrik stansiyalarını məhv etməyə başlayacaq.

Qeyd olunan göstəricilər Hörmüzün əhəmiyyətini bir daha ön plana çıxarır.

Bəs adıçəkilən boğaz niyə dünya üçün bu qədər əhəmiyyətlidir?

Hörmüz boğazı qlobal enerji sisteminin ən kritik nöqtələrindən hesab olunur. Bu dar su yolu Fars körfəzini açıq okeanla birləşdirən yeganə çıxışdır və məhz sözügedən xüsusiyyət onu dünya iqtisadiyyatı üçün əvəzolunmaz edir. İranla Oman arasında yerləşən bu boğaz vasitəsilə Yaxın Şərqin ən böyük neft və qaz istehsalçıları - Səudiyyə Ərəbistanı, İran, İraq, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, həmçinin Qətər - öz enerji resurslarını beynəlxalq bazarlara çıxarırlar. Bu səbəbdən Hörmüz boğazı tez-tez qlobal enerji təhlükəsizliyinin "dar boğazı" kimi xarakterizə olunur.

Statistik məlumatlara gəldikdə, qeyd etmək lazımdır ki, dünya neftinin və mayeləşdirilmiş təbii qazın (LNG) gündəlik olaraq təxminən 19-20 milyon bareli məhz bu boğazdan daşınır. Bu, ildə təxminən 600 milyard dollar dəyərində enerji ticarəti deməkdir. Hörmüzdən keçən enerji resurslarının böyük hissəsi Asiya bazarlarına yönəlir və xüsusilə Çin, Hindistan, Yaponiya, Cənubi Koreya kimi ölkələr bu marşrutdan yüksək dərəcədə asılıdır.

Boğazın İran tərəfindən bağlanması gəmiçilik fəaliyyətini, demək olar ki, iflic vəziyyətə salıb. Haşiyəyə çıxaraq qeyd etmək lazımdır ki, şimaldan İran, cənubdan isə Oman və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə həmsərhəd olan boğazın ən dar nöqtəsi təxminən 33 km-dir. Birləşmiş Millətlər Təşkilatının (BMT) qaydaları ölkələrə sahil xəttindən 12 dəniz mili (22.2 km) məsafədə ərazi sularına nəzarəti həyata keçirməyə imkan verir. Bundan başqa, İranın Hörmüzün digər hissələrinə minalar yerləşdirərək gəmilərin keçidinə mane olduğu bildirilir.

Bu vəziyyət dərhal qlobal enerji bazarına təsir göstərib və neft qiymətləri qısa müddətdə 100 dollar həddini keçib.

Hörmüz, həmçinin Yaxın Şərqdən gübrə ixracı üçün vacib bir yoldur. Dünya gübrə ticarətinin təxminən üçdəbiri, adətən, bu boğazdan keçir. Əks istiqamətdə isə boğaz qida, dərman və texnoloji təchizat da daxil olmaqla, Yaxın Şərqə idxal üçün həyati əhəmiyyətli bir kanaldır.

Müharibədən əvvəl Hörmüz boğazından hər ay təxminən 3 000 gəmi keçirdi. İranın boğazı bağlamasından sonra bu rəqəm dəfələrlə azalıb. Buna səbəb isə gəmilərin vurulma təhlükəsidir. 18 marta qədər boğazda təxminən 21 gəmi vurulub, hədəf alınıb və ya hücumlara məruz qalıb.

Tarixi baxımdan isə diqqətçəkən məqam odur ki, Hörmüz boğazı heç vaxt rəsmi şəkildə və uzunmüddətli olaraq tam bağlanmayıb. Bununla belə, bir neçə dəfə ciddi təhlükə ilə üzləşib. 1980-88-ci illərdə İran-İraq müharibəsi zamanı baş verən "tanker müharibəsi" dövründə neft tankerlərinə hücumlar edilib və daşımalar ciddi risk altına düşüb. 2011-12-ci illərdə İran beynəlxalq sanksiyalar fonunda boğazı bağlamaqla hədələyib, 2019-cu ildə isə bir sıra tanker hücumları qeydə alınıb.

Hörmüz boğazının bu qədər əhəmiyyətli olmasının əsas səbəblərindən biri də alternativ marşrutların məhdud olmasıdır. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri müəyyən boru kəmərləri vasitəsilə nefti başqa istiqamətlərə yönləndirə bilsə də, bu sistemlərin ötürmə qabiliyyəti boğazdan keçən ümumi həcmi tam əvəz etməyə kifayət etmir.

Nəticə etibarilə, Hörmüz boğazı, sadəcə, coğrafi keçid deyil, dünya iqtisadiyyatının dayanıqlılığını müəyyən edən əsas strateji nöqtələrdən biridir. /oxu.az/

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
91
4
moderator.az

5Источники