RU

Seyran Səxavətin 80 yaşı tamam oldu - yazıçımız Əfqanıstana niyə göndərildi?

Bu gün, 23 martda yazıçı, şair, dramaturq, publisist, tərcüməçi Seyran Səxavətin (Xanlarov) doğum günüdür. 1946-cı ildə Füzuli rayonunun Yağlıvənd kəndində anadan olan yazıçı həmin kənddə orta məktəbi bitirdikdən sonra Xurşidbanu Natəvan adına Füzuli şəhər məktəbində direktorun köməkçisi vəzifəsində çalışıb (1962-1964). 1964-70-ci illərdə Azərbaycan Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində təhsil alıb, fars dili üzrə tərcüməçi ixtisasına yiyələnib.

Sovet ordusunda xidmət keçdiyi illərdə (1970-1972) SSRİ Müdafiə Nazirliyinin tərcüməçisi kimi fars dili üzrə ixtisasını təcrübi olaraq daha da dərinləşdirib. Sonrakı fəaliyyətinin əhəmiyyətli qismi Azərbaycan Yazıçılar Birliyinin mətbuat orqanlarında yaradıcı əməyilə bağlı olub. 1973-cü ildən etibarən dövrün ən nüfuzlu nəşrlərindən olan “Ədəbiyyat və İncəsənət”qəzetində xüsusi müxbir, ədəbi işçi vəzifələrini tutub. 1974-1976-cı illərdə ixtisası ilə əlaqədar Sovet İttifaqından İran dövlətinə ezam olunmuş, orada iki il tərcüməçi kimi fəaliyyət göstərib. 1976-1981-ci illərdə "Ədəbiyyat və İncəsənət” qəzetində, 1981-1991-ci illərdə isə “Ulduz” jurnalında ədəbi işçi, şöbə müdiri vəzifələrində çalışıb, milli teatrlarımızın səhnə-tamaşa həyatının elmi-publisistik və sənədşünaslıq yönündən işıqlandırılmasında, Azərbaycan ədiblərinin nəsr əsərlərinin (hekayə, povest, roman) seçilib nəşrə hazırlanması və geniş oxucu dairələrinə çatdırılmasında uzunmüddətli, ciddi əmək sərf edib. AYB-nin Yusif Səmədoğlu adına “İlin ən yaxşı romanı”, “Nizami Gəncəvi” mükafatları laureatı olan Seyran Səxavət 1980-ci ildən Azərbaycan Yazıçılar Birliyinin və Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyinin (İLESAM) üzvüdür.

SEYRAN

Sevimli yazıçımızın 5 övladı, 18 nəvəsi, 6 nəticəsi var. Bədii yaradıcılığa ötən əsrin 60-cı illərinin əvvəllərində başlamış Seyran Səxavətin ilk şeiri 1962-ci ildə Füzuli rayonunda çıxan “Qızıl Araz” qəzetində “İki arzu” adlı şeiri olub. Poetik axtarışlarının yekunu kimi meydana çıxan, özündən əvvəlki poeziya örnəklərindən və həmyaşıd qələm dostlarının yazdıqlarından tamamilə fərqlənən novator şeirləri dillər əzbəri olmuş, Azərbaycan gəncliyinin ən ülvi hisslərini ifadə etmişdir. 1970-ci ildə ilk şeir kitabı – “Adalar”, 1977-ci ildə yenə poetik axtarışlarından ibarət “Mənim planetim” kitabı çap olunmuş, şeirlərinin böyük qismi “Seçilməmiş əsərlər” çoxcildliyinin ilk cildində yer aıb. İran dövlətində tərcüməçi işləyərkən qələmə aldığı ilk hekayəsi – “Hamı elə bilirdi” adlı əsəri 1976-cı ildə “Ədəbiyyat və incəsənət” qəzetində çap olunub. Seyran Səxavətin şeirləri və nəsr əsərləri dünyanın bir çox dillərinə – türk, əfqan, ingilis, fransız, alman, ispan, rus, fars, ərəb, ukrayna, gürcü, erməni, tacik, qırğız, moldova, altay və s. çevrilmişdir. Keçmiş SSRİ-nin, indiki Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində işıq üzü görən nəsr əsərlərindən ibarət kitabı 100 min tirajla yayılıb. 1990-cı ilin qanlı yanvar hadisəsi zamanı SSRİ hökümətinin Bakıya xarici jurnalistlərin gəlişini qadağan etdiyi bir vaxtda, Paris televiziyasından Marina Jakumenin rəhbərliyilə dörd nəfərdən ibarət heyətin Tiflis üzərindən ölkəmizə səfər etməsini təşkil edib.

Bədii publisistika və bədii tərcümə sahəsində xidmətləri də oxucuların yaddaşında dərin izlər buraxıb. Azərbaycanın xalq artisti, ilahi qüdrətdən gələn bir səslə Azərbaycan muğamlarını və xalq mahnılarını ifa edən böyük sənətkar, xanəndə Qədir Rüstəmovla “Atüstü söhbət” əsəri ədəbi müsahibə janrına yeni nəfəs verib. Məhz janrdan novator istifadə məharəti sonralar ona bədii-publisistik üslubda “Palıd toxumu”, “Bəhanə” kimi iri həcmli romanları, “Kasıb” başlıqlı satira və yumor silsiləsini yaratmağa imkan verib. Dünya ədəbiyyatından bir qism örnəkləri, o cümlədən Azərbaycanın dostu, “Drujba narodov” jurnalının baş redaktoru A.Ebonoidzenin “İki ay kənddə və ya imeretsayağı evlənmə” romanını doğma dilimizə çevirib.

Seyran

O, həm respublikada, həm də dünya səviyyəsində bir çox dövlətlərdə ölkəmizi təmsil etmiş, konfrans və simpoziomlara qatılmışdır. Müstəqillik illərində kütləvi informasiya vasitələrinə verdiyi yeddi mindən artıq intervüylə Azərbaycan həqiqətlərinin carçısı rolunda çıxış edib. Seyran Səxavətin “Qızıl teşt” pyesi 1988-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, “Büst” pyesi 1989-cu ildə Lənkəran Dövlət Dram Taetrında, “Qapıların o üzündə qalan dünya” adlı əsəri 1990-cı ildə işğal dövründən sonra bir divarı “sağ” qalmış Füzuli Dövlət Dram Teatrında tamaşaya qoyulub. Bakı Media Mərkəzinin zəfərimizə həsr edilmiş “Biz” filmi Seyran Səxavətin çıxışı və ideyası əsasında çəkilib. Hazırda Seyran Səxavət ədib olaraq AYB -də məsləhətçi vəzifəsində çalışır. “Azərbaycan” jurnalının redaksiya heyətinin, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin, İLESAM (Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyinin) üzvüdür.

Əslində yeni il başlanandan sosial mediada və mətbuatda Seyran Səxavət yubiley təbriklərini qəbul edir, həmçinin bəzi tədbirlər də keçirilib. Daha böyük yubiley tədbiri isə 2 apreldə Filarmoniyada keçiriləcək.

Bu gün “Ədalət” qəzetinin baş redaktoru, böyük şairimiz Məmməd Arazın qızı İradə Tuncay S.Səxavət barədə maraqlı paylaşım edib. İradə xanım sosial şəbəkədəki şəxsi səhifəsində yazıb: “Əziz dostumuz Seyran Səxavət şikayət edirmiş ki,”mən tərcüməçiyəm, niyə məni göndərmirsiz xaricə işləməyə?” Bu da elə vaxt imiş ki, sovet Əfqanıstana giribmiş...Deyirlər get Əfqanıstana. Seyran da cavab verir ki, Əfqanıstana getsəm, kolxoz sədri qoyacaqlar da...Elə katibin pulun versəm burda, Füzulidə vəzifə alaram da...Yəni Seyran hər sözü ilə yumor daşıyıcısı olan bir insandır...”

İradə

İradə Tuncay daha sonra yazıb: “Gənc vaxtlarında atamın onun haqqında yazdıqlarını xatırlayıram - Seyran ədəbiyyatdan niyə qaçaq düşüb sualını vermişdi ... Əsgərlikdə imiş həmin vaxtlar...Əsgər vaxtlarında Nodar Dumbadzenin ona köməyindən də danışmışdı bizə. İllər keçdi Seyran çox oxunan yazıçılardan biri oldu, indi isə 80 illyin qeyd edirik...Var olsun əziz dostumuz, öz koloriti, yumoru, şirin ədəbi dili ilə...Yəqin yeni Qarabağ dövründə də Seyran Səxavət səxavətlə təsvir edəcək, şirin dillə təsvir edəcək gördüklərini...”

Qeyd edək ki, ötən həftə Seyran Səxavətin böyük marağa səbəb olan geniş müsahibəsinin bir hissəsi Musavat.com-da dərc olunub. (Buradan tanış ola bilərsiniz: https://www.musavat.com/news/ay-bedbextler-ve-yaxud-yarimbedbextler-anar-yazicidir-e-futbolcu-deyil-80-yasli-seyran-sexavetden-hadise-kimi-musahibe_1248498.html)

“Yeni Müsavat” Media Qrupu olaraq böyük yazıçımızı 80 illik yubileyi münasibətilə təbrik edirik, sağlam ömür, yeni yaradıcılıq uğurları arzulayırıq.

Elşad Paşasoy,
Musavat.com

Избранный
41
1
musavat.com

2Источники