RU

Almaniya: Azad Demokratlar Partiyasının rəhbərliyi son seçkilərdən sonra istefa qərarını açıqlayıb

Almaniyanın Raynland-Pfalts əyalətindəki parlament seçkilərində cəmi 2,1 faiz səs toplayan Azad Demokratlar Partiyasının (FDP) rəhbərliyi istefa qərarını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, partiyanın sədri Xristian Dürr FDP-nin rəhbər heyətinin istefa verəcəyini bildirib. O, FDP-nin mayda keçiriləcək qurultayında rəhbərliyin tamamilə yenidən seçiləcəyini, özünün isə partiya sədri vəzifəsinə namizədliyini yenidən irəli sürəcəyini qeyd edib.

Qeyd edək ki, beş il əvvəl keçirilən seçkilərdə 5,5 faiz səs toplayan FDP əyalətin koalisiya hökumətində yer alırdı. Martın 22-də keçirilən son seçkilərdə isə partiya əyalət parlamentində təmsil olunmaq üçün 5 faizlik həddi keçə bilməyib. FDP martın 8-də Baden-Vürtemberq əyalətində keçirilən seçkilərdə də uğursuzluqla (4,2 faiz) üzləşmişdi.

Xatırladaq ki, Raynland-Pfalts əyalətində ötən gün keçirilən seçkilərdə Xristian Demokratlar İttifaqı (CDU) 31 faiz səslə qalib gəlib. Bu əyalətdə 35 ildir birinci olan Sosial Demokratlar Partiyası (SPD) 25,9 faiz səs toplayıb. Almaniya üçün Alternativ Partiyası (AfD) bu səsvermədə öz nəticələrini beş il əvvəl ilə müqayisədə iki dəfədən də çox artıraraq 19,5 faiz səslə üçüncü olub. Parlamentdə təmsil olunmaq hüququ qazanan digər partiya 7,9 faiz səs toplayan Yaşıllar olub.

Избранный
5
2
yeniazerbaycan.com

3Источники