RU

Tehrandan ŞOK tələblər: Bu şərtlərlə müharibə dayana bilərmi?

Ayətullah Xameneinin müşaviri Möhsün Rzayi bildirib ki, İran müharibənin dayandırılması üçün sərt şərtlər irəli sürür.

Onun sözlərinə görə, bu şərtlərə ölkəyə dəyən ziyanın tam ödənilməsi, beynəlxalq sanksiyaların ləğvi, ABŞ-ın İranın daxili işlərinə müdaxilə etməyəcəyinə dair qəti zəmanət və gələcəkdə hərbi əməliyyatların təkrarlanmayacağına dair təminatlar daxildir. Rzayi vurğulayıb ki, bu tələblər yerinə yetirilmədən sülh danışıqları nəticə verməyəcək.

Bəs İranın irəli sürdüyü bu şərtlər real danışıqlar mühiti yaradır, yoxsa prosesi dalana dirəyir?

Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Qədir Aslan qeyd edib ki, maksimal tələblərin irəli sürülməsi danışıqlar prosesində istifadə olunan klassik taktikalardan biridir.

Almatı

Onun sözlərinə görə, tərəflər adətən yüksək tələblər irəli sürərək daha aşağı səviyyədə razılaşma əldə etməyə çalışırlar:

“Hazırda bir sıra kritik məsələlər hələ də həll olunmayıb. Bu baxımdan danışıqlar daha çox manevr xarakteri daşıyır və proses açıq saxlanılır”.

Politoloq əlavə edib ki, ABŞ tarixində bu cür yanaşma dəfələrlə müşahidə olunub:

“Vaşinqton hətta düşmən hesab etdiyi ölkələrlə belə danışıqlar kanallarını bağlamır. Bu, həm hərbi-siyasi strategiyanın, həm də diplomatik balansın bir hissəsidir”.

Qədir Aslanın fikrincə, ABŞ üçün maliyyə bazarlarında üstün mövqeyin qorunması, regional problemlərin həlli və beynəlxalq diplomatiyanın koordinasiyası da mühüm əhəmiyyət daşıyır.

Politoloq hesab edir ki, İranın irəli sürdüyü sərt şərtlər bir tərəfdən danışıqlar üçün müəyyən çərçivə yaratsa da, digər tərəfdən prosesin uzanmasına və mürəkkəbləşməsinə səbəb ola bilər. Hazırda tərəflərin bu tələblərə necə reaksiya verəcəyi əsas müzakirə mövzusu olaraq qalır.

Dəniz Pənahova

KONKRET.az

Избранный
23
konkret.az

1Источники