RU

“Artıq ABŞ –Israil ikilisinin İranla bağlı evdəki hesablarının bazara uymadığı görünür...”

“Tramp bu gün danışıqlara getmək istəyirsə, bu onun indiyədək atdığı addımların düzgün olmadığını anladığına işarə edir...”
 
“ABŞ və İsrail vəziyyəti öz xeyirlərinə çevirmək üçün ciddi addımlar atmağa çalışacaqlar. Bunun mümkün olub-olmayacağını isə indidən qəti şəkildə söyləmək çətindir...”
 
“Trampın payızdakı seçkiləri düşünməsi təbiidir, çünki o, bu seçkilərdən mütləq qalib ayrılmaq istəyir. Hazırkı ekstremal vəziyyətdə bu qələbə ona hava–su kimi lazımdır. Ona görə də hər addımını ölçüb-biçməyə çalışması olduqca normaldır. Lakin belə durum onun strateji səhv etməyəcəyi mənasına gəlmir. Doğrusu, Tramp bu gün danışıqlara getmək istəyirsə, bu, onun bu günədək atdığı addımların düzgün olmadığını anladığına işarə edir. Bütün hallarda, o qəbul etsə də, etməsə də, artıq ABŞ –Israil ikilisinin evdəki hesablarının bazara uymadığı görünür. Bunu həm Iranın onlara vurduğu zərbələrin qarşısını ala bilmədiklərini gördükdə, həm də onların ən azından hələlik heç bir əsas hədəflərinə çata bilmədiklərini müşahidə etdikdə anlamaq olur.”
 
Amerikada yaşayan həmyerlimiz, siyasi təhlilçi, professor Əli Əskərli bu fikirləri Moderator.az əməkdaşının “Bəzi analitiklər iddia edir ki, ABŞ prezidenti Donald Trampın İranla danışıqlara cəhd etməsi payızdakı aralıq seçkilərə qədər müharibəni dayandırmaq istəyindən irəli gəlir. Siz necə düşünürsünüz?” sualını cavablandırarkən ifadə edib.
 
“Yenə də Trampın danışıqlar aparmaq cəhdini sadəcə seçkilərlə əlaqələndirmək doğru deyil, çünki İranla danışıqlara başlamaq öz-özlüyündə onun qalib olduğu mənasına gəlməz. Əgər danışıqların nəticəsi ABŞ-a açıq üstünlük gətirərsə, o zaman Tramp bunu öz xeyrinə istifadə edə bilər. Bilindiyi kimi, bu müharibə Trampın reytinqini Amerika cəmiyyətində xeyli aşağı salıb. Ona görə də hazırkı ABŞ prezidentinə sadəcə danışıqlar deyil, konkret uğur lazımdır. Bu isə mövcud şəraitdə hər hansı danışıqlar yolu ilə asanlıqla əldə edilə bilməz. ABŞ-ın qələbəsi üçün şərtlərin müəyyən dərəcədə dəyişməsi vacibdir. Lakin bu gedişlə şərtlər Birləşmiş Ştatların lehinə də dəyişə bilər, əleyhinə də. Indiki halda hadisələrin dinamikasının necə dəyişəcəyini bilmək asan deyil”, -deyə davamında həmsöhbətimiz bildirib.
 
“Ümumiyyətlə, bəzi İran rəsmilərinin danışıqlara getməyi xəyanət kimi dəyərləndirməsi xəbərləri və İsrailin də buna qarşı olması fonunda hərbi əməliyyatların bu yolla dayandırılması perspektivi görünürmü?” sualına isə siyasi şərhçi belə cavab verib:
 
“İran rəsmilərinin danışıqları xəyanət kimi qiymətləndirməsi iddiası əsassızdır. İran danışıqlar üçün müəyyən şərtlər irəli sürüb və bu şərtlərin hamısı əsaslandırılmışdır. Ən vacib şərt İrana qarşı oxşar aqressiyanın bir daha baş verməyəcəyinə dair beynəlxalq zəmanətin verilməsidir. İran məhz belə bir təminat istəyir. Əgər bu zəmanət verilsə, İran danışıqlardan imtina etməz. Onun başqa şərtləri də var, lakin yalnız bu şərt belə danışıqlara zəmin yarada bilər. Amma bu zəmanətin verilməsinə nə İsrail, nə də ABŞ razı ola bilər. Belə bir zəmanətin verilməsi bu müttəfiqlərin müharibəni uduzması anlamına gələr və bunu istər İsrail, istərsə də Amerika öz ictimaiyyətinə izah edə bilməz. Belə bir zəmanətin yalnız şərti şəkildə verilməsi mümkündür. Məsələn, İran sahib olduğu raket arsenalından və nüvə proqramından imtina edərsə, bu cür zəmanət nəzərdən keçirilə bilər. Lakin bu cür şərtlərin pozulduğunu hər zaman iddia etmək mümkün olacağı üçün reallıqda bu, etibarlı bir mexanizm deyil...”
 
Professor diqqətə çatdırıb ki, hərbi əməliyyatların dayandırılması üçün müəyyən şəraitin yetişməsi lazımdır: 
 
“Bunun üçün tərəflərdən birinin resurslarının ciddi şəkildə azalması və müharibəni davam etdirməsinin ya mümkün olmaması, ya da son dərəcə maliyyətli hala gəlməsi lazımdır. Tərəflərin potensialını ayrı-ayrılıqda qiymətləndirdikdə, İranın daha həssas tərəf olduğunu demək mümkündür. Buna baxmayaraq, İranın əlində də ciddi rıçaqlar və təsir imkanları mövcuddur. Bu isə bizə onun bu müharibəni hələ uzun müddət davam etdirə bilmə gücündə olduğunu qeyd etməyə əsas verir...”
 
“Unutmayaq ki, bu müharibə artıq yalnız İran, İsrail və ABŞ arasında gedən klassik hərbi qarşıdurma deyil. Onun iqtisadi nəticələri qlobal miqyasda hiss olunur. Bu baxımdan sözügedən münaqişə həm də iqtisadi və psixoloji müharibə xarakteri daşıyır. Müharibənin uzanması ABŞ və Qərb dövlətlərinin maraqlarına uyğun deyil, lakin Rusiya və Çin üçün müəyyən üstünlüklər yaratmışdır. Xüsusilə də Rusiya bu müharibənin başlanması ilə birlikdə olduqca ciddi strateji üstünlüklər əldə edib. İndi o, öz neftini maneəsiz olaraq daha yüksək qiymətə sata bilir. Ümumiyyətlə, qlobal iqtisadi tarazlıqlarda baş verən dəyişikliklər müharibənin gələcək istiqamətinə də təsir göstərəcək. ABŞ və İsrail vəziyyəti öz xeyirlərinə çevirmək üçün ciddi addımlar atmağa çalışacaqlar. Bunun mümkün olub-olmayacağını isə indidən qəti şəkildə söyləmək çətindir”, -deyə Əli Əskərli vurğulayıb.
 
Sultan Laçın
 
Избранный
38
50
moderator.az

10Источники