RU

Gürcü ekspert: Süni intellekt kimi yeni tip təhdidlər informasiya məkanında ən böyük təhlükələrdən birinə çevrilib

Tbilisi, 25 mart, AZƏRTAC

Bu gün kiberhücumlar və süni intellekt kimi yeni tip təhdidlər informasiya məkanında ən böyük təhlükələrdən birinə çevrilib. Dezinformasiya və təbliğat barədə danışarkən görürük ki, süni intellekt artıq yeni növ təhdid yaradır - saxta xəbərlər, deepfake videolar istehsal olunur və bu məzmun sosial şəbəkələrdə çox sürətlə yayılır.

Bu sözləri AZƏRTAC-a müsahibəsində "Geocase" analitik informasiya mərkəzinin beynəlxalq əlaqələr üzrə katibi Nikoloz Xatiaşvili söyləyib.

Onun sözlərinə görə, bütün bunlar ümumilikdə cəmiyyətə mənfi təsir göstərir. Ekspert deyib ki, Gürcüstan əhalisinin təxminən 56 faizi məlumatı sosial şəbəkələrdən alır və məhz bu səbəbdən süni intellekt, deepfake və dezinformasiya kimi çağırışlar çox sürətlə yayılır. Bu baxımdan vəziyyət kifayət qədər mürəkkəbdir.

"Bir sıra islahatlar həyata keçirilsə də Gürcüstan cəmiyyəti hələ də dezinformasiya və süni intellekt tərəfindən yaradılan məzmun qarşısında özünü tam təhlükəsiz hiss etmir. Bu isə təkcə Gürcüstan üçün deyil, ümumilikdə postsovet məkanı üçün ciddi bir çağırışdır", - deyə Xatiaşvili vurğulayıb.

Onun sözlərinə görə, son iki ildə Gürcüstanda süni intellekt tərəfindən yaradılan dezinformasiya, o cümlədən deepfake məzmunlar geniş yayılıb və populyarlaşmağa başlayıb. Bu cür dezinformasiya əsasən sosial şəbəkələr vasitəsilə yayılır, çünki bu platformalarda məlumatı paylaşmaq çox asandır.

Ekspert deyir ki, digər mühüm problem Gürcüstan cəmiyyətində yüksək səviyyədə qütbləşmənin mövcud olmasıdır. Bu qütbləşmə də saxta məlumatların yayılmasına əlavə təkan verir. Belə ki, sosial şəbəkələrdə emosional məzmunla qarşılaşan insanların çox vaxt həmin məlumatın doğru olub-olmadığını, yaxud süni intellekt tərəfindən yaradılıb-yaradılmadığını yoxlamağa nə vaxtları, nə də kifayət qədər təcrübələri olur.

Nəticədə, bu cür məlumatlar sürətlə paylaşılır və süni intellekt tərəfindən yaradılmış məzmun qısa müddətdə sosial şəbəkələri əhatə edir. Bəzi hallarda isə bu tip deepfake materiallar Gürcüstan cəmiyyəti üçün mənfi rol oynayır və bu da ciddi bir çağırış kimi qiymətləndirilir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Избранный
7
1
azertag.az

2Источники