ABŞ ilə İran arasında gərginliyi azaltmaq cəhdləri növbəti dəfə nəticəsiz qalıb.
Musavat.com xəbər verir ki, Bloomberg agentliyinin yaydığı məlumata görə, Vaşinqtonun hazırladığı 15 maddəlik barış planı Tehran tərəfindən rədd edilib.
Məlumata əsasən, ABŞ bu planı İran tərəfinə birbaşa deyil, Pakistanlı vasitəçilər üzərindən çatdırıb. Diplomatik kanallar vasitəsilə təqdim olunan sənədin məqsədi regionda davam edən qarşıdurmanı dayandırmaq olsa da, Tehran təklifləri qəbuledilməz hesab edib.
Planın əsas şərtlərinə İranın nüvə proqramının tam dayandırılması, ballistik raket imkanlarının məhdudlaşdırılması və regiondakı silahlı qruplara dəstəyin kəsilməsi daxil idi. Bunun qarşılığında isə ABŞ sanksiyaların ləğvini və mülki nüvə enerjisi sahəsində əməkdaşlıq vəd edirdi.
Lakin İran bu şərtləri öz milli təhlükəsizliyi və suverenliyi üçün riskli sayaraq danışıqlar masasından geri çəkilib.
Musavat.com