Elm və təhsil nazirinin müavini Həsən Həsənli UNESCO-nun mənzil-qərargahında “Qlobal təhsil monitorinqi” hesabatının yüksəksəviyyəli təqdimat mərasimində iştirak edib.
Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
UNESCO-ya üzv dövlətlərin təhsil nazirliklərinin yüksəksəviyyəli nümayəndələri, beynəlxalq və regional təşkilatların təmsilçiləri, eləcə də ekspertlərin iştirak etdiyi təqdimat mərasiminin rəsmi açılışından sonra təhsildə əlçatanlıq və bərabərlik, təhsildən kənar qalan uşaqlar, təhsilin ədalətli maliyyələşdirilməsi, habelə məktəbəqədər təhsil mövzuları üzrə panel müzakirələr təşkil edilib.
Tədbir çərçivəsində nazir müavini Həsən Həsənli Özbəkistanın məktəbəqədər və ümumi təhsil naziri Ezozkhon Karimova ilə görüşüb.
Bundan başqa, nazir müavininin rəhbərlik etdiyi nümayəndə heyəti Qlobal Təhsil Koalisiyasının 6-cı iclasında iştirak edib. Tədbir çərçivəsində Həsən Həsənli “Təhsildə rəqəmsal transformasiyanın təsiri imkanları” adlı nazirlər panelində çıxış edərək “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində son illərdə əldə olunmuş nəticələr, rəqəmsal bacarıqların inkişafına yönəlmiş təşəbbüslər və süni intellekt həllərinin təhsil sisteminə inteqrasiyası istiqamətində atılan addımlar barədə məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Xatırladaq ki, Qlobal Təhsil Koalisiyası 2020-ci ildə COVID-19 pandemiyasının təhsil sahəsinə təsirlərinin azaldılması məqsədilə yaradılıb, daha sonra isə fövqəladə hallarda təhsilin davamlılığının təmin olunması və təhsil sistemlərinin transformasiyasının dəstəklənməsi istiqamətində fəaliyyətini genişləndirib. Hazırda 112 ölkədə fəaliyyət göstərən Koalisiya vətəndaş cəmiyyəti institutları, akademik dairələr və özəl sektor daxil olmaqla 220-dən çox institusional tərəfdaşı bir araya gətirir.
2021-ci ildə Azərbaycan Respublikası UNESCO-nun Qlobal Təhsil Koalisiyasına maliyyə töhfəsi verərək onun əsas donorlarından biridir.