Aprel ayının yaxınlaşması ilə paytaxtdan bölgələrə qədər hava şəraitinin necə olacağı maraq doğurur. Xüsusilə son illərdə müşahidə olunan qeyri-sabit iqlim şəraiti və qlobal istiləşmənin təsirləri fonunda vətəndaşlar gündəlik planlarını buna uyğun qurmağa çalışırlar.
Bəs aprel ayında ölkə üzrə ümumi hava şəraiti necə olacaq? Temperatur normalarından kənar dəyişikliklər gözlənilirmi?
Bu barədə KONKRET.az-a açıqlama verən ekoloq Cavid Hüseynov bildirib ki, aprel ayı Azərbaycanda qışın tamamilə geridə qaldığı, lakin iqlim dəyişikliyi fonunda “sürprizlərlə dolu” keçid dövrü kimi xarakterizə olunur.

Ekoloqun sözlərinə görə, ölkə ərazisində üç əsas hava kütləsinin qarşılıqlı təsiri müşahidə olunur:
Arktik hava kütlələri – Şimaldan daxil olan bu soyuq hava axınları Böyük Qafqaz silsiləsini aşaraq daxili rayonlara yayılır və temperaturun bir neçə saat ərzində 10–15°C aşağı düşməsinə səbəb ola bilir.
Cənub siklonları – Aralıq dənizi və cənubdan gələn isti və rütubətli hava kütlələri güclü leysan yağışlarının yaranmasına şərait yaradır.
Yerli termik effekt – Dağlıq ərazilərin günəş şüaları altında qeyri-bərabər qızması nəticəsində konvektiv axınlar formalaşır. Bu isə əsasən günorta saatlarında qəfil şimşək, ildırım və dolu hadisələrinin baş verməsinə səbəb olur.
Cavid Hüseynov qeyd edib ki, 2026-cı ilin aprel ayı üçün proqnozlara əsasən, ölkə ərazisində hava şəraiti ümumilikdə sabit keçsə də, regional fərqlər və qısamüddətli kəskin dəyişikliklər qaçılmazdır.
“Orta aylıq temperaturun əsasən iqlim normasına yaxın, bəzi bölgələrdə isə 1–2°C yüksək olacağı gözlənilir. Aprel ayı ümumilikdə yağıntılı aylardan biri hesab olunur”, – deyə o bildirib.
Ekoloqun sözlərinə görə, son illərin tendensiyası yağıntıların daha çox lokal və leysan xarakterli olduğunu göstərir. Bu yağıntılar tez-tez şimşək və ildırımla müşayiət olunur.
“Ümumilikdə yağıntının miqdarı normaya yaxın olsa da, qlobal istiləşmənin yaratdığı qeyri-sabitlik özünü göstərməkdə davam edəcək. Xüsusilə dağlıq və dağətəyi rayonlarda temperaturun kəskin dəyişməsi dolu ehtimalını artırır.
Mart ayının isti keçməsi ağacların vaxtından əvvəl çiçəklənməsinə səbəb olur. Aprel ayında təbiətin oyanışı və kənd təsərrüfatı üçün vacib olan ‘aprel yağışları’ gözlənilsə də, ayın ilk ongünlüyündə ehtimal olunan qısamüddətli soyuqlar, xüsusilə dağlıq ərazilərdə temperaturun qəfil enməsi tumurcuqlamış meyvə ağacları üçün – əsasən badam, ərik və gilas üçün risk yarada bilər”, – deyə Cavid Hüseynov əlavə edib.
Dəniz Pənahova,
KONKRET.az