ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Berlin, 27 mart, AZƏRTAC
Avropa İttifaqında (Aİ) gömrük sisteminin əsaslı şəkildə yenilənməsi ilə bağlı mühüm razılıq əldə olunub. Aİ Şurası və Avropa Parlamenti qlobal ticarətdə artan həcmlər, xüsusilə elektron ticarətin genişlənməsi və geosiyasi çağırışlar fonunda gömrük qaydalarının modernləşdirilməsinə dair islahat paketini razılaşdırıb.
AZƏRTAC xəbər verir ki, yeni qaydalar gömrük rüsumlarının daha səmərəli toplanmasını, riskli və təhlükəli mallara nəzarətin gücləndirilməsini, ticarətin sadələşdirilməsini nəzərdə tutur. İslahat çərçivəsində Aİ üzrə vahid gömrük məlumat platformasının yaradılması planlaşdırılır. Aİ-yə idxal və ixrac həyata keçirən şirkətlər gömrük öhdəliklərini yerinə yetirmək üçün məlumatları artıq 27 ayrı gömrük orqanına deyil, yalnız bu portal vasitəsilə bir dəfə təqdim edəcək. Eyni məlumatla bir neçə göndərişi rəsmiləşdirmək mümkün olacaq ki, bu da vaxt və xərclərə qənaət edəcək.
Gömrük Agentliyi Fransanın Lil şəhərində yerləşəcək və əsas tənzimləyici sənəd qüvvəyə mindiyi gün fəaliyyətə başlayacaq. Agentlik idxal və ixrac məlumatlarını təhlil edərək riskli yüklərin müəyyənləşdirilməsinə və üzv dövlətlər arasında koordinasiyanın gücləndirilməsinə xidmət edəcək.
Qaydalar, həmçinin etibarlı şirkətlər üçün sadələşdirilmiş prosedurların tətbiqini nəzərdə tutur. Eyni zamanda, e-ticarət vasitəsilə Aİ-yə daxil olan kiçik bağlamalar üçün yeni rüsum tətbiq ediləcək və bu sahədə fəaliyyət göstərən platformaların məsuliyyəti artırılacaq.
Razılaşmaya əsasən, gömrük məlumat platforması 2028-ci il iyulun 1-dən e-ticarət malları üçün fəaliyyətə başlayacaq. Bütün mallar isə mərhələli şəkildə 2034-cü il martın 1-dək sistemə daxil ediləcək.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.