RU

Dünya bazarında qiymət şoku: Azərbaycan necə təsirlənəcək?-Millət vəkilindən AÇIQLAMA

Yaxın Şərqdə artan geosiyasi risklər və qlobal təchizat zəncirində yaranan qeyri-müəyyənliklər aqrar sektor üçün yeni çağırışlar formalaşdırır. Xüsusilə gübrə bazarında baş verən dəyişikliklər kənd təsərrüfatı istehsalına və nəticə etibarilə ərzaq qiymətlərinə birbaşa təsir edən əsas amillərdən biri kimi ön plana çıxır.

İqtisadçı Vüqar Bayramov Editor.az-a açıqlamasında bildirib ki, dünya bazarında qiymət artımları ümumilikdə tərəvəz bazarında bahalaşmaya səbəb ola bilər:

“Nəzərə almaq lazımdır ki, Azərbaycan həm gübrə ixrac edən, həm də idxal edən ölkədir. Eyni zamanda, ölkə gübrəni əsasən Yaxın Şərqdən deyil, daha çox qonşu dövlətlərdən, o cümlədən Rusiya və Türkiyədən idxal edir və aqrar sahədə bu ölkələrlə əməkdaşlıq mövcuddur. Bu baxımdan, hazırkı mərhələdə Azərbaycanın idxal etdiyi gübrələrin qiymətinə birbaşa təsirin gözlənilmədiyi qeyd olunur.

Bununla belə, qlobal bazarda qiymət artımları baş verərsə, bu, regionda istehsal olunan gübrələrin qiymətinə də təsir göstərə və nəticədə bahalaşma müşahidə oluna bilər. Azərbaycanda tətbiq olunan subsidiya mexanizmi bu təsirlərin yumşaldılmasında mühüm rol oynayır. Xüsusilə gübrə və digər kənd təsərrüfatı məhsullarının qiymətlərində artım qeydə alınarsa, subsidiya məbləğlərinə yenidən baxılması və onların artırılması məqsədəuyğun hesab olunur.

Bu yanaşma fermerlərin xərclərinin bir hissəsinin dövlət tərəfindən qarşılanmasına imkan verə və nəticədə yerli istehsal olunan məhsulların qiymətlərində kəskin artımın qarşısını ala bilər. Qeyd olunub ki, hazırda subsidiya sistemi kifayət qədər geniş tətbiq edilir və fermerlər bu dəstəkdən aktiv şəkildə yararlanırlar. Lakin idxal olunan məhsulların qiymətində artım davam edərsə, subsidiya mexanizminin daha da gücləndirilməsi zəruri ola bilər”.

//Gülnarə Abasova, Editor.az

Избранный
35
editor.az

1Источники