RU

Yağışlı hava neçə gün davam edəcək: qorxulu PROQNOZ

Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraiti əhalini narahat etməkdə davam edir. Son günlər intensiv yağıntılar paytaxtda və bölgələrdə ciddi çətinliklər yaradıb.

Musavat.com xəbər verir ki, rəsmi qurumlar martın 29-na olan hava proqnozunu açıqlayıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə isə yağıntının intensiv olacağı gözlənilir. Güclü yağışlarla əlaqədar yarımadanın ayrı-ayrı ərazilərində subasma hallarının davam edəcəyi istisna olunmur.

Bildirilib ki, gündüz saatlarında yağıntılar tədricən kəsiləcək. Gecə və səhər saatlarında bəzi yerlərdə duman müşahidə olunacaq. Şimal-qərb küləyi gün ərzində cənub-şərq küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 8-11° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 753 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 90-95 %, gündüz isə 60-70 % civarında dəyişəcək.

Azərbaycanın digər rayonlarında da hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir. Bəzi ərazilərdə arabir yağıntı olacaq, dağlıq bölgələrdə isə qar yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur.

Gecə və səhər saatlarında bəzi ərazilərdə duman olacaq, mülayim qərb küləyi əsəcək. Temperatur gecə 6-10° isti, gündüz 15-20° isti təşkil edəcək. Dağlıq ərazilərdə isə gecə 3-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti gözlənilir.

Sinoptiklər xəbərdarlıq edir ki, gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.

Hazırkı proqnoz göstərir ki, qeyri-sabit hava şəraiti hələ bir müddət davam edəcək və vətəndaşların ehtiyatlı davranması vacibdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
26
olaylar.az

1Источники