Futbol üzrə Braziliya millisinin və İspaniyanın “Barselona” komandasının hücumçusu Rafinya uzun müddətə sıradan çıxıb.
Arena.az xəbər verir ki, braziliyalı futbolu milli komandanın düşərgəsində ağır zədə alıb.
Belə ki, hücumçu Braziliya millisinin Fransa yığmasına qarşı keçirdiyi yoxlama oyununda (1:2) sağ bud əzələsini zədələyib. Onun ən az 5 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Yeri gəlmişkən, FİFA Rafinyanın aldığı zədəyə görə “Barselona”ya kompensasiya ödəməli olacaq. “Mundo Deportivo”nun iddiasına görə, 29 yaşlı futbolçunun sağalma müddəti Klub Müdafiəsi Proqramı çərçivəsində tələb olunan minimum 28 günü keçəcək. Braziliyalı futbolçu beş həftədən sonra (28-29 aprel) meydana qayıtsa, Kataloniya klubu minimum 143,836 avro məbləğində kompensasiya alacaq. Məbləğ bu 5 həftədən sonra hər gün artacaq.
Xatırladaq ki, Rafinya “Avai”nin məzunudur. Karyerasının Avropa dönəminə “Vitoriya”da (Gimaraynş) başlamış futbolçu “Sportinq” (Lissabon), “Renn” və “Lids”də çıxış edib. 2022-ci ilin iyul ayında “Barselona” Rafinyanı 58 milyon avro məbləğ müqabilində “Lids”dən tamhüquqlu əsasda “blauqrana”nın heyətinə qatıb. Braziliyalı hücumçunun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Rafinya “Barselona” üçün 31 oyun keçirib, 19 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.
Rafinyanın “Barselona” karyerası ümumilikdə 175 oyun, 73 qol və 59 məhsuldar ötürmədən ibarətdir.
Braziliyalı hücumçu Kataloniya nəhəngi ilə 2022/2023-cü və 2024/2025-ci illər mövsümlərində İspaniya La Liqasını qazanıb, iki dəfə İspaniya Super Kubokunun (2022/2023, 2024/2025), bir dəfə İspaniya Kral Kubokunun (2024/2025) qalibi olub.
Rafinya 2021-ci ilin oktyabr ayında debüt etdiyi Braziliya milli komandasının heyətində 37 oyuna çıxıb, 11 qol vurub, 7 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 29 yaşlı braziliyalı cinah hücumçusunun transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.
